Dövlət qulluğuna qəbul üçün vakant vəzifələrə qeydiyyat aprelin 7-də yekunlaşacaq
Bakı, 6 aprel, AZƏRTAC
Martın 7-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarındakı vakant vəzifələrə qeydiyyat başa çatır.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati vəzifələrin 4-6-cı təsnifatlarına uyğun rəhbər vəzifələr üzrə (A növü) və inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan olunmuş müsabiqədə vakant vəzifələrə qeydiyyat aprelin 7-si saat 18:00-dək davam edəcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun gələn 279 vakant icraçı vəzifələri üzrə aprelin 6-sı saat 11:00-dək olan məlumata əsasən, 206 müraciət qeydə alınıb. Müsahibə elanı və müsabiqə vəziyyəti ilə http://eservices.dim.gov.az/dqq/Report/MsbMshDOUzreHesabat?ElanID=7 linkində tanış olmaq mümkündür.
İnzibati vəzifələrin 4-6-cı təsnifatlarına uyğun rəhbər vəzifələr üzrə (A növü) müsahibə elan və müsabiqə vəziyyəti barədə ətraflı məlumatı http://eservices.dim.gov.az/dqq/Report/MsbMshDOUzreHesabat?ElanID=9 linki vasitəsilə əldə etmək olar.
Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiqləyən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsinə qatıla bilər.
Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək.
Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.