DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ BƏRDƏDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Bu məqsədlə, komitənin rəhbər işçilərinin iştirakı ilə Quba, Ağsu, Şəki, Gəncə şəhərlərində keçirilən regional seminar-müşavirələrin davamı olaraq, aprelin 13-də belə bir tədbir Bərdə şəhərində də keçirilmişdir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə, Yevlax, Tərtər,
Beyləqan, Füzuli, Ağdam, Laçın, Şuşa, Xocavənd, Xocalı və Ağcabədi rayon şöbələrinin əməkdaşları, yerli icra hakimiyyətinin və kənd bələdiyyə nümayəndələrinin, o cümlədən əlaqədar şəxslərin qatıldığı müşavirədə aparılan torpaq islahatı nəticəsində əldə edilən uğurlardan danışılmışdır.
Qeyd olunmuşdur ki, ölkənin dinamik inkişafında mühüm rol oynayan, mükəmməl hüquqi bazaya malik bu islahatın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Çıxış edənlər bildirmişlər ki, ölkə Prezidenti İlham Əliyevin imzaladığı Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində keçirilən islahatlar nəticəsində yeni mülkiyyətçilər sinfinin formalaşmasında, işsizlik probleminin aradan qaldırılmasında, torpaq-əkinçi münasibətlərinin stimullaşdırılmasında qazanılan nailiyyətlər durmadan artır.
Müşavirədə qeyd olunmuşdur ki, artıq birinci mərhələdə 3 milyon 500 minə yaxın ölkə əhalisini birbaşa, digər vətəndaşlarımızı isə dolayısı ilə əhatə edən torpaq islahatının hazırkı ikinci mərhələsində bu prosesin uğurla həyata keçirilməsi üçün icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları üzərlərinə düşən işin öhdəsindən məsuliyyətlə gəlməlidirlər.
Tədbirdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin regionlarda hüquqi əqdlərin bağlanması, müvafiq sənədlərin əldə edilməsi, yaranmış problemlərin və mübahisələrin və s. məsələlərin vaxtında həll edilməsi məqsədi ilə Regional Torpaq Qeydiyyatı mərkəzlərinin və Rayonlararası Yerquruluşu dəstələrinin fəaliyyət göstərdiyi, bununla da, ölkə vətəndaşlarının bu sahədə problemlərinin həllinə şərait yaradıldığı qeyd edilmişdir.
Seminar-müşavirədə ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı daxilində kifayət qədər ciddi baza sayılan torpaq ehtiyatlarından səmərəli və qanun çərçivəsində istifadə edilməsinin əhəmiyyəti bir daha nəzərə çatdırılmışdır.
Sonda bələdiyyələrin və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə vətəndaşların ərizə və şikayətlərinə baxılmış, onların yerindəcə və obyektiv şəkildə araşdırılması ilə bağlı Komitənin rayon şöbələrinə və bələdiyyələrə lazımi tapşırıq və tövsiyələr verilmişdir.