İQTİSADİYYAT
Dövlət Vergi Xidməti tələbələr üçün ilk Yay Təcrübə Proqramı təşkil edəcək
Bakı, 21 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə keçirilməsi nəzərdə tutulan Yay Təcrübə Proqramına hazırlıqlar davam edir.
Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, proqramda iştirak üçün tələbələr arasında seçimlərlə bağlı Bakı və Mingəçevir şəhərlərində qrup tapşırıqları mərhələsi keçirilib. Bu mərhələdə paytaxt və regionlarda yerləşən ali təhsil müəssisələrinin 160-dək tələbəsi iştirak edib.
Qrup tapşırıqları ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas istiqamətlərindən biri olan işğaldan azad edilmiş ərazilərə böyük qayıdış, burada aparılan tikinti-quruculuq işləri üzrə mövzuları əhatələyib. Dövlət Vergi Xidmətinin müşahidəçiləri tərəfindən tələbələrin qrup şəklində bu mövzularda qarşıya qoyulan müxtəlif tapşırıq və məsələləri həll etmək, ortaya çıxan suallara aydınlıq gətirməklə həlli yollarını tapmaq və sair bağlı bilik və bacarıqları yoxlanılıb.
Qrup tapşırıqları mərhələsi üzrə seçilmiş tələbələr Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsində iştirak edəcəklər.
Qeyd olunub ki, Dövlət Vergi Xidmətində təşkil ediləcək ilk Yay Təcrübə Proqramı tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər qazanmasını, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən innovativ inkişaf proqramıdır. Layihə tələbələrin şəxsi keyfiyyətlərinin artırılması və karyera yollarında istiqamətlənməsinə yardımçı olacaq.
Yay Təcrübə Proqramının iki hissədən ibarət olmaqla iyulun 15-dən sentyabrın 2-dək keçirilməsi nəzərdə tutulur.