Dövlət Yanğın Nəzarəti Xidməti seçki dairələrində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində 36 saylı Xətai dördüncü və 25 saylı Nizami ikinci seçki dairələrinin üzvləri və məntəqə sədrlərinin iştirakı ilə yanğına qarşı təbliğat sahəsində maarifləndirmə tədbirləri keçiriblər.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə yanğın hadisələrinin böyük əksəriyyətinin elektrik qurğu, avadanlıq və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verdiyi nəzərə alınaraq seçki məntəqələrində qeyri-standart elektrik cihazlarından istifadənin, elektrik xətlərini və uzadıcılarını həddindən artıq yükləməyin, elektrik avadanlığını işlək vəziyyətdə nəzarətsiz qoymağın təhlükəli olduğu izah edilib.
Tədbirlərdə suallar cavablandırılıb, ilkin odsöndürən balonlardan istifadə qaydaları əyani şəkildə göstərilib.
Sonda iştirakçılara “Seçki məntəqələrində yanğın təhlükəsizliyi” adlı yaddaş vərəqəsi paylanıb.