CƏMİYYƏT
DQİDK Yevlaxda maarifləndirici tədbir təşkil edib
Bakı, 3 iyun, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər İcra Hakimiyyəti (ŞİH) və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı İnsan hüquqları aylığı çərçivəsində "İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur" mövzusunda maarifləndirici tədbir keçirib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, konstitusiyamızda yer alan maddələrin üçdəbir hissəsinin insan hüquq və azadlıqlarına həsr olunduğunu bildirən çıxışçılar dövlətin hər kəsin müdafiəsinə təminat verdiyini qeyd ediblər. Həmçinin Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, mütəxəssislərin hazırlanması və görülmüş digər işlərin ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisi olduğu vurğulanıb.
Sonda iştirakçıların fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.