DÜNYA BANKININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ MÜZAKİRƏLƏR APARILMIŞDIR
Görüşdə “Məhkəmə sisteminin müasirləşdirilməsi”, “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi”, “Səhiyyə islahatları-II” layihələri müzakirə olunmuş, Dünya Bankının nümayəndələrinin bu layihələrin həyata keçirilməsi ilə bağlı gördükləri işlər barədə məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır.
Bildirilmişdir ki, “Səhiyyə islahatları-II” layihəsindən məqsəd səhiyyə sahəsində idarəçilik potensialını gücləndirmək, pilot kənd rayonlarında səhiyyə xidmətlərini yaxşılaşdırmaq, səhiyyə işçilərinin peşə hazırlığını yüksəltməkdir.
“Məhkəmə sisteminin müasirləşdirilməsi” layihəsi isə ədliyyə qurumlarının daha təkmil fəaliyyət göstərməsi üçün texniki bazanın möhkəmləndirilməsi, məhkəmə infrastrukturunun inkişaf etdirilməsi, hakimlərin və məhkəmə işçilərinin peşəkarlığının artırılması və vətəndaşların məlumat əldə etmək imkanlarının yüksəldilməsi üzrə həyata keçiriləcək tədbirləri əhatə edir.
Üç mərhələdə həyata keçirilən “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” layihəsindən əsas məqsəd isə kənd kredit kooperativləri sistemini genişləndirmək, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və marketinqinə dəstək verməkdir.
Layihələrin iyun ayında Dünya Bankının Direktorlar Şurasına təqdim olunması nəzərdə tutulur.
Görüşdə İqtisadi İnkişaf naziri Heydər Babayev layihələrin həyata keçirilməsinin kənd təsərrüfatı, səhiyyə və məhkəmə sistemində islahatların sürətləndirilməsində əhəmiyyətli rol oynayacağını qeyd edərək, onların icrasına nazirlik tərəfindən hər cür kömək göstəriləcəyini bildirmişdir.
Nazir Heydər Babayev həmçinin, yaradılmaqda olan Dövlət İnvestisiya Şirkətinin səmərəli fəaliyyətinin təmin olunmasında Dünya Bankı ilə əməkdaşlığın məqsədəuyğun olduğunu vurğulayaraq, bu məsələnin bankla əlaqələrin perspektivlərində nəzərə alınmasını təklif etmişdir.
Dünya Bankının nümayəndələri ilə, həmçinin Dövlət İnvestisiya Proqramının 2005-ci il üzrə icra vəziyyəti və 2006-cı ildə yerinə yetirilməsinin gedişi müzakirə edilmiş, Ölkə və Yeni Tərəfdaşlıq Strategiyası çərçivəsində respublikanın İqtisadi Memorandumu və Dövlət Xərclərinin tam icmalının hazırlanması üzrə məsləhətləşmələr aparılmışdır.