DÜNYA ŞÖHRƏTLİ QIRĞIZ YAZIÇISI ÇİNGİZ AYTMATOV SON MƏNZİLƏ YOLA SALINMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 14-də T.Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovla vidalaşma mərasimi keçirilmişdir.
Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev, parlamentin sədri Aytibay Taqayev, Baş nazir İqor Çudinov, dövlət katibi Nur Uulu Dospol, həmçinin Azərbaycan nümayəndə heyətinin başçısı, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev, Qazaxıstanın dövlət katibi Kanat Saudabayev, Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Əsrori, Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa Essen, Tatarıstan xarici əlaqələr departamentinin başçısı Timur Akulov, Qırğızıstan hökumətinin üzvləri, deputatlar, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Çingiz Aytmatovun yaxın dostu Anar, qurumun məsul katibi Nazim İbrahimov, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri böyük yazıçıya son borclarını verməyə gəlmişdilər.
Qırğızıstan Prezidenti mərasimdəki çıxışında bildirmişdir ki, Çingiz Aytmatovun ölümü ancaq qırğız xalqının deyil, ümumən dünya ədəbiyyatının itkisidir. Çingiz Aytmatov bizim qəlbimizdə böyük yazıçı kimi deyil, həm də filosof və dünya şöhrətli bir mütəfəkkir kimi qalacaqdır. Onun əsərləri dünyanın 170 xalqının dilinə tərcümə edilmişdir, ona görə də o, dünyanın böyük Vətəndaşı idi. Dünyada insan və söz durduqca, Çingiz Aytmatovun adı da duracaq və əbədi yaşayacaqdır.
Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Tacikistan və Tatarıstan nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək Çingiz Aytmatov irsinin zaman-zaman yaşayacağını qeyd etmişlər.
Mərasimdən sonra cənazə Bişkekin mərkəzindəki Dövlət bayrağının dalğalandığı Ala-Too meydanına gətirilmiş, burada matəm mitinq-rekviyem keçirilmiş, yazıçının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Bu mərasimdə 30 mindən artıq adam iştirak etmişdir.
Böyük yazıçının vəsiyyətinə görə o, Bişkek yaxınlığındakı “Ata-Beyit” muzey-memorial kompleksində atası Torekul Aytmatovun yanında dəfn edilmişdir.
Dövlət başçısının fərmanı ilə iyunun 14-ü ölkədə matəm günü elan edilmişdir.