DÜNYA ŞÖHRƏTLİ SAMİ YUSUF BAKIDA KONSERT VERƏCƏK
Konsertin təşəbbüskarı və təşkilatçısı “Halal” studiyasının rəhbəri Eldar Aslan noyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında demişdir ki, Sami Yusuf atası, anası və həyat yoldaşı, ansamblı ilə birlikdə noyabrın 21-də Bakıya gələcəkdir.
S.Yusuf solo konsertində “My Ummah” və “Al Muallim” kasetlərindən mahnılar, habelə Azərbaycana həsr olunmuş xüsusi mahnısını ilk dəfə ifa edəcəkdir.
Sami Yusufun çoxdan Azərbaycana gəlmək arzusunda olduğunu bildirən Eldar Aslan, müğənninin Bakıda verəcəyi konsertlə bağlı qonorardan da imtina etdiyini demişdir. Noyabrın 22-dəki konsertdən sənədli film və klip də çəkiləcəkdir.
Qeyd olunmuşdur ki, Sami Yusufun Bakıda bir neçə görüşünün keçirilməsi də nəzərdə tutulmuşdur.
Sami Yusuf 1980-ci ildə doğulmuşdur. Cənubi Azərbaycandan Böyük Britaniyaya mühacirət etmiş, ilk musiqi təhsilini bəstəkar, şair və musiqiçi olan atasından almış, bir neçə alətdə çalmağı öyrənmişdir. 18 yaşında ikən dünyada ən nüfuzlu ali musiqi məktəblərindən olan London Kral Musiqi Akademiyasında təhsil almaq üçün təqaüdə layiq görülmüşdür.
Gənc yaşlarından musiqi parçaları bəstələməyə başlayan S.Yusufun İslam dini, Məhəmməd peyğəmbər və digər mövzularda mahnıları müsəlman ölkələrində çox məşhurdur.