DÜNYADA BAŞ VERƏN MEŞƏ YANĞINLARININ CƏMİ 4 FAİZİNDƏ TƏBİƏT “GÜNAHKAR”DIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərkəzi İsveçrədə yerləşən WWF təşkilatı (Ümumdünya Vəhşi Təbiət Fondu) son illər artmaqda olan meşə yanğınları ilə bağlı apardığı elmi tədqiqatları açıqlamışdır.
Təşkilatın Vyana bürosunun əməkdaşı xanım Nina Qrishammer tədqiqatla bağlı keçirilən mətbuat konfransında bildirmişdir ki, dünyada baş verən meşə yanğınlarının cəmi 4 faizi ildırım vurması və s. təbii səbəblərdən baş verir. Digər hallarda isə yanğınlar qəsdən və ya yanlış aparılan meşə təsərrüfatı siyasəti nəticəsində insanlar tərəfindən törədilir. Dəhşətli meşə yanğınlarının əsas səbəbləri sırasında qəsdən yanğın törətmə, hədsiz istilər, su çatışmazlığı, süni eqzotik meşələr göstərilir. WWF monokultur meşələrin salınmasına son qoyulmasını, meşəsalmada yerli ağac növlərinə üstünlük verilməsini, eləcə də təxribatçıların sərt cəzalandırılmasını tələb etmişdir.
Dünyada meşə yanğınlarının tüğyan etdiyi ən acınacaqlı region Aralıq dənizi hövzəsidir. Araşdırmalara görə, 1960-cı ildən indiyədək regionda il ərzində baş verən meşə yanğınları 4 dəfə artmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, hər il Aralıq dənizi hövzəsində 50 min meşə yanğını hadisəsi qeydə alınır və bunun nəticəsində 800 min hektar meşə sahəsi məhv olur. Bu yanğınlardan xüsusilə İtaliya, İspaniya, Fransa, Portuqaliya və Yunanıstan daha çox ziyan çəkir. Son onilliklərdə Avropa ölkələrində meşəsalmada yanğına davamlı palıd ağaclarının efir yağları ilə zəngin evkalipt ağaclarla əvəzlənməsi dəbdədir. WWF, həmçinin bu cür ağac növlərinin kütləvi halda əkilməsinə son qoyulmasını da tələb etmişdir.
İqlim dəyişiklikləri sayəsində quraqlıq və hədsiz istilərin getdikcə artacağını qeyd edən N.Qrishammer, gələcəkdə daha böyük fəlakətləri önləmək üçün Avropa ölkələrini ciddi addımlar atmağa çağırmışdır.