DÜNYADA NADİR QURĞULARDAN OLAN TPG-500 PLATFORMASI XƏZƏR DƏNİZİNDƏ QURAŞDIRILMIŞDIR
Platformanın özü və onun dəniz dibində quraşdırılan özülləri Xəzərə yola salınmazdan əvvəl inşaat işlərinin aparıldığı Zığ tikinti sahəsində yoxlanmış və istismar sınaqlarından keçirilmişdir. Bundan sonra platforma yedəkdə Bakıdan 70 kilometr aralıda yerləşən müvəqqəti dayanacaq yerinə gətirilmiş, burada platformanın ayaqları hər birinin diametri 30 metr, hündürlüyü 15 metr, çəkisi 1400 ton olan üç dayaq özülünə birləşdirilmişdir. Daha sonra TPG-500 platforması yedəkdə suyun dərinliyi 105 metr olan daimi yerinə gətirilərək ayaqları suya endirilmiş və aprelin 27-də öncədən qazılmış quyuların dayaq tavası üzərində quraşdırılması əməliyyatı son dərəcə dəqiqliklə başa çatdırılmışdır.
Dünyada nadir qurğulardan olan bu platformanın inşası “Əsrin müqaviləsi” üzrə həyata keçirilən işlərdə mühüm nailiyyətdir. TPG-500 platforması 120 nəfərlik işçi heyəti üçün yaşayış bloku olan qazma və hasilat qurğularından ibarət böyük özüqalxan platformadır, ümumi çəkisi 32000 tondur (üst modullar 22000 ton, ayaqlar və özül dayaqları 10000 ton). Bu platformanın qazma qurğularının 7 kilometrdən artıq dərinliyə, platformadan 3 kilometrdən çox kənara quyular qazmaq imkanı vardır. Onun hasilat qurğuları isə gün ərzində təxminən 1 milyard kubfut (28,5 milyon kubmetr) qazı və 60000 barrel (8000 ton) kondensatı texnoloji emal edə bilər. Yataqdan hasil ediləcək qaz və kondensat ayrıca sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəql olunacaqdır.
bp-nin “Şahdəniz” layihəsi üzrə vitse-prezidenti Mayk Skitmor demişdir ki, TPG-500 platformasının inşası və quraşdırılması əməliyyatının uğurla başa çatdırılması 5000-dən çox insanın son üç ildə çəkdiyi gərgin zəhmətin bəhrəsidir. Platformanın inşasında Sinqapur, Norveç, Fransa, Almaniya, ABŞ, Türkiyə və Azərbaycandan olan mütəxəssislər, fəhlə və mühəndislər çalışmışlar. Layihədə ən çox yerli işçilərin qüvvəsindən istifadə olunmuşdur. Tikinti işlərinin qızğın çağında Zığ tikinti-quraşdırma sahəsində işlərə təxminən 3500 nəfər cəlb edilmişdir ki, onların da 80 faizdən çoxunu Azərbaycan vətəndaşları təşkil etmişdir. Onların iş icrası həm əməyin təhlükəsizliyi, həm də işin keyfiyyəti baxımından müstəsna dərəcədə yaxşı olmuş, platforma dənizə yola salınmazdan öncə tikinti-quraşdırma sahəsində qəza nəticəsində heç bir vaxt itirilmədən 13 milyon adam-iş saatı yerinə yetirilmişdir. Bundan əlavə, tikinti-quraşdırma sahəsində avadanlıq, material və xidmətlərin təchiz olunması üçün 257 Azərbaycan şirkətinin xidmətlərindən istifadə edilmişdir. “Şahdəniz” layihəsinin çoxminlik işçi heyəti indi növbəti və ən mühüm nəticəni - yataqdan ilk qazın əldə olunması və dünya bazarlarına çıxarılmasını gözləyir.