DÜNYA
Dünyanın ən qocaman sakini Boliviyada yaşayır
![Dünyanın ən qocaman sakini Boliviyada yaşayır](/files/2013/2/1200x630/14071448192024216706_1200x630.jpg)
Paris, 18 avqust (AZƏRTAC). Dünyanın ən qocaman sakini Boliviyada yaşayır. 123 yaşlı Karmela Flores Laura And dağlarının 4 min metrlik hündürlüyündə tənha yaşayır. Koko yarpaqlarını çeynəməyə vərdiş edən yaşlı sakin yeməyini özü hazırlayır. Milli geyimlərə üstünlük verən Karmela boliviyalılara məxsus panço və iri şlyapa geyinir.
Həyatında bir dəfə də olsun həkimə müraciət etməyən planetin bu yaşlı insanı özünü çox gümrah hiss edir. O, düyü becərir, həyətyanı sahəyə baxır və qış azuqəsini özü toplayır.
Bu yaxınlarda ölkə televiziyasına müsahibə verən Karmela XIX əsrin sonlarında dünyaya gəldiyini bildirmişdir. Boliviya qeydiyyat idarəsi Karmelaya verilən doğum haqqında sənəddə onun 1890-cı il iyunun 16-da ölkənin La Paza vilayətinin Frasquia qəsəbəsində doğulduğunu bəyan etmişdir.
La Paza rəsmləri Karmelanın dünyanın ən yaşlı adamı kimi Ginnesin rekordlar kitabına düşməsi üçün tələb olunan sənədləri hazırlayaraq lazımı yerə göndərmişlər.
Həyat yoldaşını, bir neçə oğlunu və qızını itirən Karmela Flores Lauranın hazırda 77 yaşlı bir oğlu, 17 nəvəsi və 39 nəticəsi vardır.
Xatırladaq ki, dünyanın ən yaşlı adam rekordu fransalı Jann Kelmana məxsus olmuşdur. 122 yaşlı xanım 1997-ci ildə dünyasını dəyişmişdir.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri.
Paris