ƏBÜLFƏS QARAYEV STRASBURQDA İŞGÜZAR GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Görüşlərdə Azərbaycan Respublikası ilə Avropa Şurası arasında mədəniyyət sahəsində əməkdaşlıq, görülən işlər və prioritet istiqamətlər, eləcə də mədəni irs, mədəniyyətlər və dinlərarası dialoq kimi məsələlər müzakirə edilmişdir. Əbülfəs Qarayev mədəniyyətlər və dinlərarası dialoqun qurulmasında Azərbaycanın Avropa ilə Asiya arasında mühüm rol oynaya biləcəyini xüsusi vurğulamışdır.
Ermənistan və Azərbaycanda mədəni irslə bağlı vəziyyəti dəyərləndirmək və əlaqədar dövlətlər və Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən lazımi tədbirlərin görülməsini təklif etmək üçün hər iki ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi barədə Avropa Şurası baş katibinin irəli sürdüyü təşəbbüsə toxunulmuş, Azərbaycanın bu istiqamətdə artıq formalaşmış mövqeyi barədə məlumat həmsöhbətlərin diqqətinə çatdırılmışdır.
Avropa Şurası Parlament Assambleyasının baş katibi Mateo Sorinas ilə görüşdə bu qurum tərəfindən də Cənubi Qafqaz bölgəsinə mədəni irslə bağlı faktaraşdırıcı missiyanın göndərilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır. Nazir bu məsələyə ölkəmizin münasibəti və onun əsas məqamları haqqında ətraflı məlumat vermişdir.
Görüşdə Azərbaycanın da iştirak etdiyi STAGE proqramının davamı olan mədəniyyət vasitəsilə demokratiya üçün yeni mərhələ adlı Kiyev Təşəbbüsü, mədəniyyət nümunələrinin və mədəni irsin qorunması sahəsində ölkəmizdə əldə olunmuş nailiyyətlər və gələcək tədbirlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev görüşlərdə iştirak etmişdir.