ƏDƏBİ-BƏDİİ FİKRİN BÖYÜK USTADI
AZƏRTAC xəbər verir ki, aprelin 30-da Salyan Rayon İcra Hakimiyyətində XX əsr ədəbi fikir tariximizin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
İctimaiyyət nümayəndələrinin geniş tərkibdə təmsil olunduğu tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov demişdir ki, ədəbiyyatımızın korifeyləri sırasında şərəfli yer tutan qüdrətli sənətkar öz parlaq yaradıcılığı ilə milyonların sevgisini qazanmış, zəngin ədəbi-bədii irsi ilə nəsillərin mənəvi inkişafına yardımçı olmuşdur.
Toplantıda “Azərbaycan ədəbiyyatının inkişafında və məzmunca zənginləşməsində Mir Cəlal Paşayevin rolu” mövzusunda məruzə edən rayonun “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov böyük yazıçının həyat və yaradıcılığı, əsərlərinin bədii xüsusiyyətləri barədə müfəssəl məlumat vermiş, ədibin yüksək insani keyfiyyətlərini xatırlatmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, şair Oqtay Rza, Azərbaycan Müəllimlər İnstitutu Salyan filialının kafedra müdiri, filologiya elmləri namizədi Rəşid Eyvazlı, Arbatan kənd orta məktəbinin direktoru Əhməd Zeynalov və başqaları qüdrətli söz ustasının yaradıcılığının ayrı-ayrı məqamlarına toxunmuş, yazıçı ilə bağlı xatirələrini bölüşmüşlər.
Tədbir iştirakçıları böyük yazıçının əsərlərindən ibarət kitab sərgisi ilə tanış olmuş, Mir Cəlal Paşayevin həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxmışlar.