Ədəbiyyat Muzeyi binasının memarlıq tarixi – elmi seminar
Bakı, 2 aprel, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təcrübə keçən Bakı Dövlət Universiteti tələbələri üçün növbəti elmi seminar təşkil edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Ekspozisiya şöbəsinin elmi işçisi Aygün Abbasquliyeva Şərqşünaslıq fakültəsinin tələbələrinə muzey binasının memarlığı və tarixi funksiyası haqqında danışıb. O bildirib ki, Ədəbiyyat Muzeyinin yerində 1850-ci illərdə birmərtəbəli karvansara fəaliyyət göstərib. İçərişəhəri əhatə edən Qala divarları yaxınlığında inşa edilmiş bu karvansaraya sonradan Bakı quberniyasının baş memarı Qasım bəy Hacıbababəyovun layihəsi ilə ikinci mərtəbə əlavə olunub. Dövrünün mülki mühəndisi Aleksandr Nikitin binanın ikinci mərtəbəsində nəzərdə tutulmuş banket zalının layihəsini hazırlayıb. Mənbələrdə “Hacı Hacıağanın karvansarası” adı ilə məşhur olan bu məkan 1915-ci ildə yeni zamanın tələbi ilə üçmərtəbəli “Metropol” hoteli kimi fəaliyyət göstərib.
Məruzəçi vurğulayıb ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti məhz bu binadan həm yaşayış, həm də iş yeri kimi istifadə edib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində - 1939-cu ildə hökumətin qərarı ilə bina Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən muzeyə çevrilib.
Seminar tələbələrin sual və çıxışları ilə davam edib.