Türkiyənin Sinop Universiteti ADAU ilə əməkdaşlıqda maraqlıdır
Gəncə, 5 iyun, AZƏRTAC
Türkiyənin Sinop Universitetinin prorektoru, professor Muhitdin Yılmaz və universitetin baş katibi Şenol Metinin daxil olduğu nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqlar ADAU rəhbərliyi ilə görüşərək, iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüş zamanı ADAU rəhbərliyi Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən elm və təhsil istiqamətində mövcud olan qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Qonaqlara ADAU-nun tarixi, maddi-texniki bazası, beynəlxalq əlaqələri, kənd təsərrüfatı sahəsində həyata keçirdiyi innovativ layihələr və kadr hazırlığı prosesi haqqında ətraflı məlumat verilib.
Öz növbəsində, Sinop Universitetinin prorektoru Muhitdin Yılmaz və baş katib Şenol Metin ali təhsil ocaqlarının imkanları, elmi-tədqiqat istiqamətləri və beynəlxalq proqramları barədə məlumat verərək, ADAU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.
Müxbir - Elcan Məmmədov