Ədliyyə nazirinin müavini Şəmkirdə vətəndaşların qəbulunu keçirib
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Dövlətimizin başçısının göstərişlərinə və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 5-də Ədliyyə nazirinin müavini Vilayət Zahirov Şəmkir rayonunda Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərində abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə ehtiram ifadə edilib.
Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib, həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər çərçivəsində nazir müavini yerli ədliyyə orqanlarının işi ilə tanış olub. Ədliyyə işçilərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti vurğulanıb, onun icrası üzrə görülmüş işlərə toxunulub, qarşıda duran vəzifələr müzakirə olunub. Müşavirədə məhkəmə qərarlarının icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, onlarla sayğı ilə davranılması, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiya hallarının yolverilməzliyi ilə bağlı tapşırıqlar verilib.