ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Avropa Ümumi Hüquq Təşkilatının direktoru Spiridon Floqaitis ədliyyə nazirinin müavini Vilayət Zahirov ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, respublikamızın məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən genişmiqyaslı islahatları diqqətə çatdıran nazir müavini, Avropa Ümumi Hüquq Təşkilatı ilə əməkdaşlığın real nəticələr verdiyini, Yunanıstan hökumətinin dəstəyi ilə Azərbaycanda qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və hüquq islahatlarına dəstək layihələrinin uğurla icra olunduğunu söyləmiş, xarici mütəxəssislərin ölkəmizdə hakimlər və hakimliyə namizədlər qarşısında çıxışlarının, habelə hakimliyə namizədlərin və gənc hüquqşünasların təşkilatın iqamətgahının yerləşdiyi Afinada tədrisinin, bu ölkənin məhkəmə sistemi ilə tanışlığının və təcrübə mübadiləsinin səmərəsini vurğulamışdır.
Azərbaycanın hüquq sistemində beynəlxalq standartlara cavab verən əsaslı dəyişikliklərin mütərəqqi xarakter daşıdığını qeyd edən qonaq, beynəlxalq statusu artmış təşkilatda ölkəmizin təmsil olunduğunu məmnunluqla vurğulayaraq, sürətli iqtisadi inkişafı, hərtərəfli islahatları ilə regionda lider dövlətə çevrilmiş ölkəmizlə qarşılıqlı əlaqələrə Avropa Ümumi Hüquq Təşkilatının yüksək önəm verdiyini və əməkdaşlığın daha da genişləndirilməsinə maraq göstərdiyini bildirmiş, aparılan hüquqi islahatlara dəstək verməyə və bunun üçün mövcud imkanlardan istifadə etməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Söhbət zamanı əməkdaşlığın perspektivləri üzrə faydalı fikir mübadiləsi aparılmışdır.
Görüşdə Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis iştirak etmişdir.