“EKOLOGİYA İLƏ İQTİSADİYYAT AHƏNGDARDIR” MÜSABİQƏSİ BAŞA ÇATMIŞDIR
Mərasimdə yanacaq və energetika naziri Məcid Kərimov, Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova, bp-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Milli Elmlər Akademiyasının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.
Devid Vudvord mərasimdə çıxış edərək, ətraf mühitin mühafizəsinin vacibliyini vurğuladı, respublikanın ekologiya siyasətinin təşəkkülündə rəsmi orqanların və qeyri-hökumət təşkilatlarının rolundan danışdı. O xatırlatdı ki, müsabiqə cari ilin mayında elan olunmuş və bu müddət ərzində müxtəlif qeyri-hökumət təşkilatları bp-yə bioloji müxtəlifliyə dair 25 layihə göndərmişlər. Ən yaxşı layihəni seçmək üçün iki müstəqil orqan - AMEA-nın görkəmli alimlərindən ibarət Elmi məşvərət şurası və aparıcı mütəxəssislərdən, neft şirkəti rəhbərliyinin nümayəndələrindən ibarət Mükafat şurası yaradılmışdır.
Parlament komissiyasının sədri Asya Manafova ətraf mühitin mühafizəsinə dair layihələri dəstəklədiyinə görə bp rəhbərliyinə təşəkkür etdi və bütün neft-qaz şirkətlərini ekologiya sahəsində fəal işə cağırdı.
Üçmərhələli seçim nəticəsində Azərbaycan Demoqraflar Assosiasiyası (ADA) 2003-cü il müsabiqəsinin qalibi elan olundu. O, müsabiqəyə Xəzər dənizində nərə balıqları ehtiyatlarının bioloji müxtəlifliyinin dirçəldilməsinə və qorunub saxlanmasına dair layihə göndərmişdi. ADA-nın rəhbəri, AMEA-nın akademiki Musa Musayevə müsabiqənin diplomu təqdim edildi. Bu sahədə layihə işlərini bp 20 min dollar məbləğində qiymətləndirmişdir.
İkinci yer və 5 min dollar məbləğində mükafat respublikada məməlilərin bioloji müxtəlifliyinin mühafizəsinə dair layihə hazırlayan “Ekosfera” qeyri-hökumət sosial-ekologiya mərkəzinin nümayəndələrinə verildi.