EKOLOQLAR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN YUBİLEYİNİ QEYD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, mayın 6-da “Hyat-Recensy Naxçıvan” hotelində “Heydər Əliyev və Azərbaycanın ekologiya siyasəti” mövzusunda konfrans keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təşkil olunmuş konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilmişdi.
Konfrans iştirakçıları Şəhidlər xiyabanına gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı qarşısına tər çiçəklər düzüldü.
Konfransın əvvəlində nümayiş etdirilən sənədli filmin ana xəttini Heydər Əliyevin gələcək nəsillərə “Mən istəyirəm ki, hamınız təbiəti sevəsiniz” çağırışı təşkil edirdi.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov müstəqil Azərbaycanın quruculuğunda, ölkənin ötən əsrin 90-cı illərində hökm sürən xaosdan qurtulmasında, milli iqtisadiyyatın dirçəldilməsində Heydər Əliyevin tarixi rolundan danışaraq qeyd etdi ki, ümummilli lider bütün siyasi fəaliyyəti ərzində təbiətin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirirdi. O, 1971-ci ildə 41-ci Bakı şəhər partiya konfransında Bakının və Abşeron yarımadasının yaşıllaşdırılması təşəbbüsü ilə çıxış etmişdi. Nəticədə qısa müddətdə 1300 hektar ərazidə 1 milyondan yuxarı ağac və kol əkilmişdir. Təbiətin və millətin sağlamlığının müdafiəsinə yönəlmiş bu uzaqgörən siyasət Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra da uğurla davam etdirildi. Prezident Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildə dövlətin təbiəti mühafizə siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. Nazirliyin fəaliyyət göstərdiyi qısa müddət ərzində ekoloji problemlərin kompleks həllinə yönəldilmiş 5 dövlət proqramı qəbul edildi, respublika ərazisinin 2,9 faizini təşkil edən 8 milli park yaradıldı, meşə fondunun genişləndirilməsinə, kənd yerlərində alternativ enerji mənbələrindən, xüsusən, bioyanacaqdan istifadə olunmasına dair tədbirlər görülür.
Azərbaycanın nadir təbiətinin mühafizəsi sahəsində Heydər Əliyevin siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının qəbul etdiyi qərarlar, onun rəhbərliyi altında Nazirlər Kabineti üzvlərinin iştirakı ilə ekoloji mövzuya həsr edilmiş müşavirələr buna əyani sübutdur.
Milli Məclisin təbii sərvətlər, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Elton Məmmədov çıxışında təbiəti mühafizə siyasətini davamlı surətdə həyata keçirməyə imkan verən ekologiya qanunvericiliyinin yaradılmasında Heydər Əliyevin xidmətlərini vurğuladı.
Nazirliyin əməkdaşı Solmaz Məmmədova Prezident İlham Əliyevin ətraf mühiti mühafizə sahəsində qərarlarına yüksək qiymət verərək əmin etdi ki, gənc ekoloqlar qarşıdan gələn prezident seçkilərində dövlətimizin başçısının namizədliyini dəstəkləyəcəklər.
Sonra məktəblilər arasında keçirilmiş Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş “Biomüxtəlifliyi gələcək nəsillər üçün qoruyub saxlayaq” mövzusunda fotomüsabiqəyə yekun vuruldu. Müsabiqənin qalibləri Məmməd Əliyevə (Zaqatala), Şəhriyar Hüseynova (Lənkəran) və İlham Məmmədova (Sumqayıt) diplomlar təqdim edildi.