Ekspert: Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması əhəmiyyətli ola bilər
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycanda biznes mühitinin daha da sağlamlaşması, özəl sektorun və ümumilikdə iqtisadi inkişafın təmin olunmasını dəstəklənmək məqsədilə ticarət siyasəti, infrastruktur və rəqəmsal transformasiya istiqamətlərində bir sıra əsaslı fəaliyyətlər və layihələr həyata keçirilir ki, bunlar da özünün müsbət nəticələrini göstərməkdadir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Ticarət Təşkilatının (ÜTT) eksperti Marius Bordalba Bakıda keçirilən Azərbaycan–Avropa İttifaqı biznes-forumunda çıxış edərək deyib.
Ekspertin sözlərinə görə, İqtisadiyyat Nazirliyinə elektron ticarətin tənzimləyici çərçivəsinin qiymətləndirilməsində dəstək göstərilir. Bu prosesin məqsədi mövcud qanunvericilikdəki boşluqları müəyyənləşdirmək və yeni hüquqi tənzimləmələrin hazırlanmasından ibarətdir. Elektron ticarət sahəsində aparılan qiymətləndirmələrə dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən onlayn ticarət platformaları, banklar, ödəniş təşkilatları, logistika operatorları və istehlakçı təşkilatları cəlb olunur.
O vurğulayıb ki, Dövlət Gömrük Komitəsinə Ümumi Tranzit Konvensiyasına qoşulmaq istiqamətində dəstək göstərilir. Azərbaycanın Konvensiyaya qoşulması şirkətlərə Ümumi Tranzit Ərazisinə daxil olan istənilən təyinat məntəqəsinədək vahid bəyannamə, vahid təminat və vahid prosedur əsasında daşımalar həyata keçirmək imkanı verəcək. Hazırda Ümumi Tranzit Ərazisi 41 ölkəni əhatə edir. Konvensiyaya qoşulma sərhəd-keçid məntəqələrindən daha sürətli keçidə, gömrük prosedurlarının elektronlaşdırılmasına, təminat xərclərinin azaldılmasına və iştirakçı ölkələrdə vahid qaydaların tətbiqinə şərait yaradacaq. Beynəlxalq ticarətdə daha fəal iştirak etmək və idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün Konvensiyaya qoşulmaq əhəmiyyətlidir.