Ekspert: Ramazan ayında insanlara kömək etmək istəyənlər bunu minimum təması gözləməklə edə bilərlər
Bakı, 13 aprel, AZƏRTAC
Bir çox ölkə üçün əhalinin koronavirusa qarşı peyvəndlənməsində istifadə olunan vaksinlərin tədarükü hələ də əlçatmaz olaraq qalır. Bu həm dövlətin maliyyə baxımından vətəndaşlarını vaksinasiya etməyə qadir olması, həmdə dövlət başçısının nüfuzundan asılıdır. Hamıya məlumdur ki, vaksinlərin dövlətlər arasında paylandırılması heç də bərabərlik prinsipi ilə aparılmır. Bu çətin dönəmdə COVID-19 əleyhinə görülən işlər, vətəndaşların müalicəsi və ən əsası vaksinasiya sahəsində Azərbaycan ən öndə olan ölkələrin siyahısındadır. Son məlumata görə artıq Azərbaycanda 1.200.000-nə yaxın vaksin vurulub və bu proses uğurla davam edir. Məqsəd, tez bir zamanda əhalinin böyük bir hissəsini vaksinasiya edərək virusun yayılma dinamikasını və yoluxan şəxslərin ağırlaşmalarını minimuma endirməkdir. Buna səbəb Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələni diqqət mərkəzində saxlaması və aidiyyəti dövlət səhiyyə qurumlarının öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən irəli gəlir.
Bunu AZƏRTAC-a Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib.
Ekspert qarşıdan gələn müqəddəs Ramazan ayı ilə də fikirlərini söyləyib: “Bu ayda hər bir müsəlman insan ehtiyacı olan insanlara əl tutur, iftar süfrələri hazırlayaraq insanları süfrəyə dəvət edir və maksimum yaxşılıq etməyə çalışır. Əlbəttə ki, bu gözəl əxlaq və ədəbdir, amma pandemiya zamanı dəyərli vətəndaşlarımız iftar süfrələrində yaxşı olar ki, öz ailə üzvləri ilə olsunlar və digər insanlara kömək etmək istəyənlər minimum təması gözləməklə ehtiyacı olanlara dəstək olsunlar. Çünki bu ağır dönəmdə özümüzü, yaxınlarımızı, kömək etmək istədiyimiz insanları da qorumaq məqsədilə qoyulan karantin şərtlərinə əməl etməliyik”.
A.Hüseynov son günlər açıq havada maska taxma “nəfəs al” kampaniyasına da münasibət bildirib: “Açıq havada, insanların az olduğu yerlərdə koronavirusa yoluxma riski bir qədər azdır və insanların təmiz havada rahat nəfəs almaq istəyi başa düşüləndir. Amma gəlin hər birimizin müşahidəsini bölüşək. Gündə nə qədər insan hətta qapalı məkanda ya maskası çənəsində, yada yaxşı halda maskası yalnız ağız nahiyəsinin üzərində olan insanları görürük. Bu görüntünü görmək üçün 5 dəqiqə ərzində insanların içində olsaq yetərlidir. Hələ ki, biz özümüzü və ətrafdakı tanımadığımız vətəndaşları qorumayınca, virus bizi müşahidə edəcək. Bu məsələdə birlik və hər bir Azərbaycan vətəndaşının digər vətəndaşa sosial məsafənin saxlanılması, maskanın düzgün şəkildə taxılması ilə qayğı göstərməsi vacib amillərdən biridir”.