“El havası” Lənkəranda
Bakı, 5 fevral, AZƏRTAC
Artıq respublikanın iki böyük zonasından - Gəncə-Qazax və Şirvandan sonra əyləncəli musiqili “El havası” layihəsi bu dəfə fevralın 13-14-də seçim turları üçün Lənkəran şəhərinə üz tutacaq. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi layihə əsasən region gənclərini əhatə edir.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihənin məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərimizin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli-mədəni irsimizi təbliğ etməkdən ibarətdir.
Yarışma haqqında geniş məlumat əldə etmək məqsədi ilə “El havası” sosial media hesabı yaradılıb. İştirak etmək istəyən hər bir gənc “El havası” “Facebook” səhifəsində qeydiyyatdan keçərək, həmçinin yerli gənclər və idman idarəsinə müraciət edərək layihəyə qatıla bilər. Yarışma 3 nominasiya üzrə keçirilir - rəqs, solo ifa, musiqi alətində ifa.
Beləliklə, Astara, Yardımlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan və Lənkəran rayon gəncləri qeyd olunan tarixlərdə seçim turlarında iştirak etmək üçün Lənkəran rayonunda yerləşən Mədəniyyət Mərkəzinə gələ bilərlər.