“ELEKTRON MƏTBUATIN DEMOKRATİK SEÇKİLƏRİN TƏŞKİLİNDƏ ROLU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ATƏT-in Bakı ofisi mayın 30-da “Hyatt Regency-Naxçıvan” mehmanxanasında “Elektron mətbuatın demokratik seçkilərin təşkilində rolu” mövzusunda dəyirmi masa təşkil etmişdir.
Tədbirdə ölkə ərazisində yayımlanan televiziyaların rəhbərləri, seçki prosesinə cəlb olunan əsas qurumların təmsilçiləri, eləcə də beynəlxalq televiziyaların nümayəndələri iştirak etmişlər.
Beynəlxalq təmsilçilər xarici televiziyaların təcrübəsindən danışmış və bu təcrübənin Azərbaycanda tətbiqinin mümkünlüyü ilə bağlı müzakirələr aparmışdır.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident seçkiləri ilə əlaqədar ölkədə müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Bildirmişdir ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilmiş, yeni standartlar qəbul olunmuş, beynəlxalq təşkilatlarla birlikdə seçki təcrübəsi zənginləşdirilmişdir.
Əli Həsənov bildirmişdir ki, bugünkü tədbir Seçki Məcəlləsinin teleradio şirkətləri, elektron kütləvi informasiya vasitələri qarşısında qoyduğu vəzifələrə və bunların həyata keçirilməsi mexanizmlərinə, mövcud problemlərə, onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi məsələlərinə həsr olunmuşdur.
ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola İsrail, Böyük Britaniya və Türkiyə televiziya şirkətlərinin rəhbərlərinin Azərbaycana dəvət edildiyini və onların buradakı həmkarları ilə ölkəmizdə seçkilərin demokratik işıqlandırılması ilə bağlı müzakirələr aparacaqlarını bildirmişdir. Bunun üçün ilk növbədə bütün siyasi qüvvələrin fikirləri işıqlandırılmalı və proses hərtərəfli inkişaf etməlidir.
Dəyirmi masa iştirakçıları “Media yayımının qanunvericilik bazası - Seçki Məcəlləsinə yeni dəyişikliklər və onların mənası”, “Mətbuatın monitorinq mexanizmləri”, “Elektron mətbuatda seçkilərin işıqlandırılması - beynəlxalq təcrübə” mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.