Elektron Təhlükəsizlik Mərkəzi DDoS hücumlarına qarşı müdafiəni gücləndirməyi təklif edir
Bakı, 31 yanvar, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi DDoS hücumlarından (Denail of service attacks - DoS, Distributed Denial of service - DDoS) müdafiəni gücləndirməyi təklif edir.
AZƏRTAC mərkəzə istinadən xəbər verir ki, yüzlərcə, minlərcə fərqli sistemdən edilən DDoS hücumlarının məqsədi sistemə sızmaq deyil. Onların əsas hədəfi sistemi ardıcıl hücumlarla sıradan çıxarmaq, fəaliyyətini dayandırmaqdır. DDoS hücumları informasiya sistemləri və şəbəkə resurslarından istifadəyə maneə törədən cəhddir. Bu hücumlar vasitəsilə internetə bağlı olan sistemlərin işini ləngitmək, onların fəaliyyətini müvəqqəti dayandırmaq və ya birdəfəlik sıradan çıxarmaq mümkündür.
DDoS hücumlarını müxtəlif üsullarla reallaşdırmaq mümkündür. Bu üsullardan biri informasiya sistemlərinə çoxsaylı sorğuların göndərilməsidir. Bunun üçün bədniyyətliyə xeyli sayda kompyuter lazım olur. O, adətən, ziyanverici proqrama yoluxdurduğu və adi internet istifadəçilərinə məxsus olan kompyuterlərdən istifadə edir. Bunlara “bot”lar və ya “zombi” kompyuterlər deyilir. Kompyuterin “bot” olub-olmadığını müəyyən etmək üçün IP ünvan yoxlama xidmətlərindən istifadə edilməlidir. Kompyuterlərin “bot”a çevrilməsinin qarşısını almaq üçün ziyanverici proqramlara qarşı müdafiə üsullarından istifadə edilməsi tövsıyə edilir.