İQTİSADİYYAT
Elektron Təhlükəsizlik Xidməti “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib



Bakı, 17 yanvar, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “AzerGold” QSC-nin əməkdaşları üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq və kibergigiyenanı təmin etmək məqsədilə maarifləndirmə tədbiri keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 35 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşı “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında təqdimat edib.
Tədbirlərin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”na uyğun olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq, kibergigiyenanı təmin etməkdir.
Əməkdaşların məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə təlimdən əvvəl və sonra test tapşırıqları icra edilib.