CƏMİYYƏT
Əli Nağıyev: İnsanlarda yaranan psixoloji arxayınlıq məsuliyyətsizliyə gətirib çıxara bilər
Bakı, 1 may, AZƏRTAC
Əvvəllər vətəndaşlar koronavirusa görə qorxu hissi keçirirdilər. Həmin insanlar qaydalara daha ciddi əməl etməyə və yoluxmamağa çalışırdılar. Hazırda isə qorxu hissi getdikcə azalır. Buna səbəb vətəndaşların əksəriyyətinin hökumətin tövsiyə etdiyi qaydalara əməl etməsi və xəstələnməməsidir. İnsanlarda psixoloji arxayınlıq yaranıb ki, bu da məsuliyyətsizliyə gətirib çıxara bilər. Ona görə də məsuliyyət hissini daha da artırmaq lazımdır ki, arxayınlıq yoluxma sayının artmasına səbəb olmasın.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.
Mütəxəssisin sözlərinə görə, karantin rejiminin bəzi məhdudiyyətlərinin aradan qaldırılması, bir sıra sahələrin fəaliyyətinə icazə verilməsi təhlükənin sovuşduğu anlamına gəlmir: "Unutmamalıyıq ki, bu qərar görülən tədbirlərin nəticəsində koronavirusla mübarizədə müsbət tendensiya əldə edilməsindən sonra qəbul edilib. Ona görə də hazırda daha məsuliyyətli davranacağımız dövrdə olduğumuzu bilməliyik. Çünki hər hansı bir məsuliyyətsiz davranış xəstəliyin ikinci dalğasına səbəb ola bilər. Hər zaman nəzərdə saxlamalıyıq ki, əgər yenidən yoluxma sayında artım qeydə alınarsa, karantin rejimi təkrar ciddiləşdirilə bilər. Bunu nəzərə alaraq özümüzə məsuliyyət hissini aşılamalı, psixoloji cəhətdən özümüzü tərbiyə etməliyik ki, qətiyyən arxayınlaşmayaq, karantin rejimi bitsə belə gigiyena qaydalarına ciddi əməl etməyə davam edək. Qorxu azaldıqca məsuliyyət hissi də azala bilər, bunu nəzərə almalıyıq".