ƏLİLLİYİ OLAN İNSANLARIN HÜQUQLARI MÜDAFİƏ EDİLİR
AZƏRTAC xəbər verir ki, aprelin 5-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatında “ Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir 5 may - Beynəlxalq Əlil Hüquqlarının Müdafiəsi Gününə həsr edilmişdir.
Ölkədə əlilliyi olan insanların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verən ombudsman Elmira Süleymanova Azərbaycanın Əlilliyi olan şəxslərin hüquqları haqında Konvensiyaya qoşulduğunu qeyd etmişdir. Konvensiyanın məqsəd və prinsiplərindən danışan müvəkkil bildirmişdir ki, hər bir dövlət Konvensiyaya nəzarət məqsədi ilə yaradılmış Komitəyə təqdim etdiyi hesabatda bu sənədin icrası üzrə qəbul edilmiş proqramların şərhini və bu sahədə əldə olunmuş nailiyyətlər barədə məlumat verməlidir.
Milli Məclisin sosial siyasət daimi komissiyasının üzvü İlham Məmmədov “Əlilliyi olan insanların hüquqi təminatının qanunvericilik bazası” mövzusunda məruzə etmişdir.
Dövlət orqanlarının və qeyri-hökumət təşklatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə əlilliyi olan insanların sosial müdafiəsi və reabilitasiyası, təhsili, sağlamlığı sahəsində görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, dünya əhalisinin təxminən 650 milyon nəfərini əlilliyi olan şəxslər təşkil edir. Azərbaycanda 420 mindən çox əlilliyi olan şəxslər var, bunların da təxminən 15 faizini uşaqlar təşkil edir. Əlillərin hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət qurumları və QHT-lərin əməkdaşlığının gücləndirilməsi, bu sahədə birgə layihələrin həyata keçilməsinin vacibliyi vurğulanmış, konkret təkliflər irəli sürülmüşdür.