SİYASƏT
ƏLİYEVİN GÜCÜ
ƏLİYEVİN GÜCÜ
Elçibəy Kələkidən qayıtdıqdan sonra onunla uzun bir görüş keçirmişdim. 1997-ci ilin son günləri idi. Kələkidəki iş otağının divarında Heydər Əliyevin şəklini asdığını söyləmişdi.
Təəccübləndim. Bir siyasi partiya liderinin öz rəqibinin şəklini niyə divardan asdığını anlamamışdım.
“Divarımda Mustafa Kamal Atatürkün də şəkli var. Əliyev mənim siyasi rəqibimdir, onu tənqid edə bilərəm, amma o, bir Türk böyüyüdür”- demişdi.
Bütün tənqidlərə baxmayaraq, Heydər Əliyevin Azərbaycanın alternativsiz lideri olmasının sirri Elçibəyin bu sözlərində öz əksini tapır.
Elçibəyin azərbaycanlı jurnalist Ədalət Tahirzadənin “Elçibəy ilə 13 saat” adlı kitabındakı açıqlamaları bu məqama bir az da aydınlıq gətirir.
Azərbaycan, müstəqilliyinin ilk illərində bölgədəki güclərin rəqabət meydanına çevrilmişdir. Sovet çətiri altından yenicə çıxan ölkə zəngin neft yataqlarının cazibəsini idarə edə biləcək siyasi təcrübəyə sahib olmadığı üçün böyük güclərin rəqabət apardığı bölgə halına gəlmişdi. Bir tərəfdən Ermənistan ilə müharibə, digər tərəfdən isə, daxili çarpışmalar, qiyamlar Azərbaycanı sürətlə idarəolunmaz ölkə vəziyyətinə sürükləyirdi. Məhz bu anda Prezident Elçibəy Heydər Əliyevdən yardım istədi.
Bundan sonra baş verənləri Elçibəyin Tahirzadəyə verdiyi cavablardan izləyə bilərik: “Heydər Əliyevi Bakıya mən gətirdim... Ona görə ki, Azərbaycanda nüfuzu var idi. Kütlənin bir qismi onu istəyirdi. Vətəndaş müharibəsinin qarşısını almaqda gücünə inandığımız üçün onunla birləşməyi özümüzə birinci dərəcəli iş bildik.
Niyə Heydər Əliyev ? Elçibəyin yardım istəyə biləcəyi başqaları yox idimi?
“Başqaları bu üsyanı dayandırmağı bacara bilməyəcəkdi”. Elçibəyin cavabı bu idi.
X X X
Heydər Əliyevin gücü, Elçibəyin də dediyi kimi, siyasi təcrübəyə əsaslanır. Gəncliyinin ilk illərindən Sovet siyasət mexanizminin, demək olar, hər pilləsində sürətlə yüksələn Heydər Əliyevi anlamağa çalışarkən Brejnevin Xruşşova qarşı sui-qəsdində yaxından iştirak etməsini nəzərə alsaq, onun siyasi təcrübə zənginliyi haqqında fikir sahibi ola bilərik. Üstəlik, müsəlman Azərbaycan türkü olaraq, bu pillələri qalxmağın o zaman nə qədər çətin olduğu unudulmamalıdır.
Heydər Əliyev Bakıdakı bir söhbətimiz əsnasında Qorbaçov tərəfindən “ayağının altının qazıldığını” anlatmışdı. “Andropovdan sonra mən rəhbər olacaqdım. Qorbaçov bunu anladı və əngəllədi. Bir türkün Sovet İttifaqının liderliyinə yüksəlməsinə izn vermədilər” - demişdi.
X X X
Heydər Əliyev ABŞ-a getdi. Ona sağlıq diləyirəm. Ancaq artıq Azərbaycan üçün yeni bir dönəmin başladığı açıq-aşkardır. Onun sayəsində sabitliyə nail olan Azərbaycanın qarşısında indi demokratikləşmə prosesi daha da genişlənir. Həqiqəti söyləsək, bu yeni prosesdəki namizədlər arasında onun kimi təcrübəlisi yoxdur.
Lakin mən Azərbaycanın gələcəkdə öz liderlərini çıxaracağına inanıram. Bizim üçün də yeni bir dövr başlayır.
Bu yol “böyük qardaşlıqdan” demokratik dəyərlərə əsaslanan qardaşlığa uzanır.