Elm və təhsil naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də elm və təhsil naziri Emin Əmrullayev Gədəbəy şəhərində vətəndaşların müraciətlərini dinləyib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, müəllimlərin iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.