Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmar Məmmədyarov: Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində hesablaşılan güclü ölkədir

Elmar Məmmədyarov: Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində hesablaşılan güclü ölkədir

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 2016-cı ilin yekunları ilə əlaqədar AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

-2016-cı il aprel döyüşləri, prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri ilə yadda qaldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesini necə xarakterizə edərdiniz?

-Ermənistan xoşniyyətli danışıqlar aparmaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri açıq şəkildə pozur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, qanlı etnik təmizləmə nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin olmasına imkan verməmək üçün Ermənistan tərəfi həmişə təxribatçı əməllərə əl atır. 2014-cü ilin sonunda prezidentlərin Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40 mindən çox şəxsi heyətin iştirakı ilə hərbi təlimlərə başladı və məlum helikopter insidentinin baş verməsinə rəvac verərək vəziyyəti gərginləşdirdi. 2015-ci il ərzində və 2016-cı ilin əvvəlində də münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, Ermənistan tərəfi hücum xarakterli yeni hərbi doktrina qəbul etdi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutaraq, məlum aprel hadisələrinin baş verməsinin səbəbkarı oldu. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar da daxil olmaqla, 6 nəfər həlak oldu, 33 nəfər ciddi yaralandı.

Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verdi, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad etdi. Aprel hadisələri zamanı Azərbaycan həm hərbi-diplomatik üstünlüyünü ortaya qoydu, həm də informasiya müharibəsində bu vaxta kimi apardığı davamlı fəaliyyətin nəticəsini gördü. Hadisələrin ilk dəqiqələrindən Xarici İşlər Nazirliyi vaxtaşırı bəyanatlar verərək Ermənistanın təxribatçı əməlləri barədə dünya ictimaiyyətini məlumatlandırdı. Dünyanın aparıcı informasiya agentlikləri XİN-in bəyanatlarına və açıqlamalarına istinad etdilər, xarici KİV nümayəndələrinin və diplomatik korpusun qoşunların təmas xəttinə səfərləri təşkil olundu. Onlar dövlət orqanları ilə əlaqəli şəkildə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bildilər, ölkəmizin diplomatik nümayəndəlikləri və konsulluqları bu prosesə yaxından qoşuldu və akkreditə olunduqları ölkə rəsmilərini və ictimaiyyətini məlumatlandırdılar. Sevindirici haldır ki, dünyanın nüfuzlu media orqanlarında ölkəmizin ədalətli mövqeyini əks etdirən çoxsaylı məqalələr dərc edildi, foto və videoreportajlar efirə getdi.

Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, status-kvonun saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalmaqdadır.

ATƏT-in Minsk qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində dəfələrlə status-kvonun qəbuledilməz və qeyri-davamlı olması barədə bəyanatlarla çıxış ediblər. Azərbaycan hazırkı status-kvonun dəyişməsində ən maraqlı tərəfdir. Bu xüsusda, biz Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndiririk. Biz bu fürsəti davam etdirməli və həmin görüşlərdə əldə olunmuş razılaşmaları gecikdirmədən konkret tədbirlərə çevirməliyik.

Siyasi müstəvidə əsaslı konkret nəticələr vəziyyəti köklü şəkildə dəyişəcək. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması, regional nəqliyyat və kommunikasiya xətlərinin bərpa edilməsi və müvafiq təhlükəsizlik tədbirlərini təmin edərək məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və şərəfli qayıdışından başlamaqla münaqişənin fəsadlarının mərhələli şəkildə aradan qaldırılması münaqişə dinamikasının dəyişməsinə və regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq. Bu yanaşma BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır və xüsusilə, 1994-cü il Budapeşt Sammitinin qərarı daxil olmaqla, ATƏT-in qərarlarında təsdiq olunub.

Ermənistanın işğalçı siyasəti heç zaman uğurla nəticələnə bilməz. Ermənistan bu reallığı nə qədər tez dərk etsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaq.

Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək. Eyni zamanda, bu məqsədlə bütün beynəlxalq platformaların imkanlarından istifadə ediləcək.

-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ Azərbaycan diplomatiyasının səyləri nəticəsində il ərzində digər beynəlxalq təşkilatların da gündəliyinə çıxarılıb. Bu barədə hansı əsas məqamları qeyd edərdiniz?

-Azərbaycan üzv olduğu bütün müvafiq beynəlxalq təşkilatların tribunalarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət və GUAM ərazisində həlli uzadılmış münaqişələr kimi gündəlik maddələri saxlanılır. Bu əsasda Azərbaycan BMT Baş Assambleyasının tribunasından istifadə edərək münaqişənin müxtəlif aspektlərini gündəmə gətirir və müzakirələrə çıxarır. BMT sistemi ilə bərabər, digər beynəlxalq təşkilatlarla da fəal iş aparılır.

İslam Əməkdaşlıq Təşkilatının aprelin 10-15-də İstanbulda dövlətimizin başçısının iştirakı ilə keçirilmiş 13-cü sessiyası ölkəmizin maraqlarına cavab verən bir sıra qərarların qəbul edilməsi ilə yadda qaldı.

Bu mövqe İstanbul Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən yekdilliklə qəbul edilmiş kommunikenin müvafiq olaraq 16-cı və 17-ci bəndlərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün qınanılmasına dair İƏT üzv dövlətlərinin prinsipial mövqeyi bir daha ifadə olunaraq, Ermənistandan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsi və öz silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ətraf rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmçinin yekun kommunikedə üzv dövlətlər tərəfindən Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində davamlı olaraq həyata keçirdiyi hücumları, bu ilin aprel ayında cəbhədə vəziyyəti gərginləşdirməsi və bunların nəticəsində mülki insanlara, sosial və iqtisadi infrastruktura və digər obyektlərə zərərlərin yetirilməsi qəti olaraq pislənilir.

Sammitin nəticəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması vacib qərarlardan biridir. Sözügedən qrupun tərkibinə Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxil olub. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsindəki bütün regionlar təmsil olunub. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş 71-ci sessiyası çərçivəsində İƏT baş katibinin sədrliyi ilə Kontakt Qrupunun ilk iclası keçirildi.

İyulun 8-9-da NATO-nun Varşavada keçirilmiş Zirvə toplantısında üzv dövlətlərin qəbul etdiyi yekun kommunikenin 24-cü paraqrafında dövlət və hökumət başçıları Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməyə sadiq olduqlarını bir daha vurğuladılar, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiklərini ifadə etdilər. Əvvəlki Zirvə toplantılarında da üzv dövlətlər tərəfindən eyni mövqe ifadə olunmuşdu.

Qoşulmama Hərəkatına üzv ölkələrin sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində isə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər və münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar.

Həmçinin oktyabrın 18-19-da İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən 43-cü sessiyasında Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamələr qəbul olundu.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və digər müvafiq adlı bəndlərə uyğun olaraq, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu ilin mart ayında təqdim edilən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat erməni mənbələrinin məlumatları əsasında hazırlanıb. Hesabatda ölkəmizin işğal olunmuş ərazilərində beynəlxalq hüquqa məhəl qoyulmadan Ermənistan tərəfindən məskunlaşmanın həyata keçirilməsi, şəxsi və dövlət mülkiyyətində olan obyektlərin, maddi-mədəniyyət abidələrinin, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti kimi davamlı qanunsuz fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər öz əksini tapıb.

İl ərzində beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qərar və qətnamələr Azərbaycanın ədalətli mövqeyini və münaqişənin həllinin siyasi-hüquqi əsaslarını daha da gücləndirir. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş bu kimi çoxsaylı qərar, qətnamə və bəyanatlar münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin qəti iradəsinin ifadəsidir.

Münaqişənin həlli prosesində hər hansı təsisat inhisarçı rola iddia edə bilməz. Ermənistanın ölkəmizə qarşı təcavüz və işğalının nəticələri aradan qaldırılana, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunana qədər bütün müvafiq beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinin gündəmə gətirilməsi siyasətimiz davam etdiriləcək.

-2016-cı ili ikitərəfli əlaqələrimizin inkişafı, qarşılıqlı səfərlərin intensivliyi baxımından necə qiymətləndirirsiniz?

-Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir, regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb.

2016-cı il Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı baxımından məhsuldar və faydalı olub. İkitərəfli əlaqələrimizin inkişafında qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığımızın genişlənməsi xüsusi olaraq qeyd edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Baş nazir Artur Rasizadənin, Milli Məclisin sədri Oqtay Əsədovun, həmçinin xarici işlər naziri kimi mənim və digər hökumət nümayəndələrinin xarici ölkələrə çoxsaylı səfərləri, o cümlədən çoxlu sayda dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və digər səviyyədə olan nümayəndə heyətlərinin ölkəmizə səfəri ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirib.

Bu il Qətərin Əmiri, Ukrayna, Venesuela, Xorvatiya, Belarus prezidentləri Azərbaycana rəsmi, Türkiyə, İran və Rusiya prezidentləri işgüzar səfər ediblər. Həmçinin Rusiya Hökumətinin sədri, Macarıstan, Türkiyə və Pakistanın baş nazirləri Azərbaycanda rəsmi, İsrailin Baş naziri isə işgüzar səfərdə olub. Azərbaycanın ev sahibliyi etdiyi IV Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Monteneqro, Bolqarıstan, Gürcüstan, Albaniya, Malta və digər ölkələrin dövlət başçıları ölkəmizdə səfərdə olublar.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinə və İrana rəsmi, Avstriya, Almaniya və Rusiyaya işgüzar səfərlər edib.

Qeyd olunan dövrdə, həmçinin Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə (Davos), “Suriyaya və regiona dəstək” konfransında iştirak məqsədilə Böyük Britaniyaya (London), 52-ci Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Almaniyaya (Münxen), Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Türkiyəyə (Ankara), IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak məqsədilə ABŞ-a (Vaşinqton), İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak məqsədilə Türkiyəyə (İstanbul), Ümumdünya Humanitar Sammitində iştirak məqsədilə Türkiyəyə (İstanbul), NATO Zirvə toplantısında iştirak etmək üçün Polşaya (Varşava), MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının iclasında iştirak məqsədilə Qırğızıstana (Bişkek), 23-cü Ümumdünya Energetika Konqresində iştirak məqsədilə Türkiyəyə (İstanbul) səfərləri əlaqələrimizin ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdirilməsi, ölkəmizin qlobal siyasi, iqtisadi, təhlükəsizlik və humanitar məsələlərə dair mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.

İl ərzində xarici işlər naziri olaraq, Gürcüstan, İsveçrə, Lixtenşteyn, Misir və Portuqaliyaya rəsmi, Rusiya (iki dəfə), Çin, Almaniya və Fransaya (iki dəfə) işgüzar səfər etmişəm. İyirmiyə yaxın beynəlxalq tədbirdə iştirak edərək müxtəlif məsələlər üzrə ölkəmizin mövqeyini səsləndirmişəm. İl ərzində Yunanıstan, Gürcüstan, Malta, Almaniya, İtaliya, Cənubi Afrika Respublikası, Bosniya və Herseqovina xarici işlər nazirləri Azərbaycanda rəsmi, İsveç, Rusiya (iki dəfə), Türkiyə (iki dəfə) xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi işgüzar səfərdə olublar. Həmçinin beynəlxalq tədbirlər zamanı mövcud olan imkanlardan istifadə edərək digər ölkələrdən olan həmkarlarla çoxsaylı görüşlər keçirmişəm. Digər ölkələrlə ikitərəfli müqavilə-hüquq bazamızın genişləndirilməsi məqsədilə müxtəlif sahələri əhatə edən onlarla müqavilə imzalanıb.

Beynəlxalq tədbirlərdə Azərbaycanın fəal iştirakı və ikitərəfli qarşılıqlı səfərlər ölkəmizin regionda və dünyada önəmini göstərir və bizim üçün yeni imkanlar açır.

İkitərəfli səviyyədə olan əlaqələrimiz üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri vasitəsilə daha da inkişaf edir. 2016-cı ildə Azərbaycan-Rusiya-İran prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Bu üçtərəfli görüşlərin keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü və yekunda qəbul edilmiş Birgə Bəyannamə siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdı. Bu formatda əməkdaşlıq, eləcə də Cənub və Cənub-Şərqi Asiyadan Şimali Avropaya qədər uzanan xətt üzrə transregional əməkdaşlığı təşviq edən strateji əhəmiyyətə malikdir.

Ümumiyyətlə, üçtərəfli formatda əməkdaşlıq mexanizmi ölkəmizin region dövlətləri ilə uğurlu ikitərəfli əməkdaşlığını tamamlayaraq onun üçtərəfli əsasda hərtərəfli inkişafı üçün münbit zəmin yaradır, regional məsələlər üzrə siyasi dialoqu və iqtisadi-ticarət əlaqələrini daha da yüksək səviyyəyə qaldırmaq üçün əlverişli imkanlar vəd edir. Bundan sonra da mövcud üçtərəfli formatlarda əməkdaşlıq davam etdiriləcək və yeni üçtərəfli mexanizmlərin yaradılması imkanları nəzərdən keçiriləcək.

-Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması ilə bağlı Xəzəryanı ölkələrin dövlət başçılarının sonuncu Sammiti barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, statusun müəyyən edilməsi ilə bağlı əməkdaşlıq hansı səviyyədədir?

-Məlum olduğu kimi, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar prosesi Xəzəryanı ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində beştərəfli formatda, həmçinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu çərçivəsində davam etdirilir.

İndiyə qədər Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı 47 iclas keçirilib. Həmçinin 2002-ci ildən etibarən Aşqabad, Tehran, Bakı və Həştərxan şəhərlərində olmaqla, Xəzəryanı ölkələrin dövlət başçılarının 4 sammiti təşkil olunub. Həştərxanda dövlət başçılarının növbəti Sammitinin 2017-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilməsi barədə qərar qəbul edilib.

Həştərxan Sammitində dövlət başçılarının qəbul olunmuş Birgə Bəyannaməsində Xəzər dənizinin bir çox prinsipial məsələlərinə dair vacib razılaşmalar əldə edilib və bu razılaşmalar bütün nümayəndələr tərəfindən təsdiq olunmaqla konvensiya layihəsində öz əksini tapıb. Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı mərhələsi yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Statusla bağlı Konvensiyanın əksər maddələrinin demək olar ki, ümumilikdə, 80 faizə qədəri razılaşdırılıb.

Həm Bakı, həm Həştərxan sammitlərindən sonra Xəzər dənizinin hüquqi statusuna dair bir çox vacib məsələlər öz həllini tapıb. Bu məsələlər içərisində su səthinin bölünməsi, hüquqi rejimlərin razılaşdırılması, təhlükəsizlik, gəmiçilik, bioloji resursların qorunması və istifadə olunması, fövqəladə hallar, hidrometeorologiya ilə bağlı məsələlər həm konvensiya layihəsi, həm də imzalanmış bir çox sazişlər vasitəsilə Xəzəryanı ölkələrin əməkdaşlığını və fəaliyyətini təmin edir və tənzimləyir.

Statusla bağlı tam razılıq əldə olunacağı təqdirdə, Astana Sammiti Xəzəryanı ölkələrin gələcək qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün hərtərəfli hüquqi əsas yaradacaq.

Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunur.

-Dövlətimizin başçısı tərəfindən Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji istiqamətlər müəyyən olunub. İqtisadi diplomatiyamız bu hədəfləri necə dəstəkləyir?

-Son illər dünya iqtisadiyyatının üzləşdiyi böhran və geriləmələr digər ölkələr kimi Azərbaycana da öz təsirlərini göstərir. Böhranın təsirlərini, habelə enerjidən asılılığı azaltmaq, iqtisadiyyatın şaxələndirilməsini təmin etmək, qeyri-neft sektorunu inkişaf etdirmək və ixrac potensialını təşviq etmək məqsədilə dövlət başçımız tərəfindən ölkədə aparılan iqtisadi islahatlar, imzalanan fərman və sərəncamlar artıq öz müsbət nəticələrini verməkdədir. Bu xüsusda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi iqtisadi diplomatiyamızın həyata keçirilməsi üçün fundamental baza rolunu oynayır və qarşımıza böyük vəzifələr qoyur.

Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin iqtisadi potensialının xaricdə təşviq olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş ölkələrə Azərbaycan sərmayələrinin yatırılmasının təşviqi, xarici turistlərin ölkəmizə cəlb edilməsi, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə Azərbaycanın xarici dövlətlərlə birgə hökumətlərarası komissiya və işçi qruplarının iclaslarının keçirilməsi, iqtisadi-ticarət əməkdaşlığının hüquqi çərçivələrinin formalaşdırılması, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda, xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkə iqtisadiyyatında tətbiqi imkanlarının araşdırılması iqtisadi diplomatiyamızın əsas istiqamətlərindəndir.

2016-cı il ərzində 16 ölkə ilə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların iclasları keçirilib. İclaslarda Azərbaycanın bu ölkələrlə gələcək iqtisadi əməkdaşlığının istiqamətləri müəyyən edilib və iclasların yekunu üzrə imzalanmış protokollara konkret əməkdaşlıq məsələlərinə dair razılaşmalar daxil edilib. Komissiyaların iclasları ərəfəsində Azərbaycan tərəfi, həmçinin bu ölkələrlə işğal olunmuş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması məqsədilə əməkdaşlıq üzrə ikitərəfli əsasda iş aparılıb və bu istiqamətdə razılıqlar əldə edilib.

İl ərzində 11 ölkə ilə (Xorvatiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Monako, Yaponiya, Bolqarıstan, İran, İtaliya, Gürcüstan, İspaniya, Pakistan, Macarıstan) biznes-forumlar keçirilib.

“Made in Azerbaijan” brendi diplomatik nümayəndəlik və konsulluqlarımız tərəfindən də dünyada təbliğ və təşviq olunur. Xarici turistlərin ölkəyə cəlb edilməsində mühüm addım olacaq “ASAN viza” sisteminin tezliklə tətbiqi nəzərdə tutulub.

Ölkəmizin əlverişli coğrafi mövqeyindən faydalanıb regional nəqliyyat dəhlizlərinin işə salınması istiqamətində tərəfdaşlarla birlikdə ciddi irəliləyişə nail olunub. Avrasiya üzrə multimodal nəqliyyat həcmini artıracaq, sərnişin və yük daşımaları üçün rəqabətli mühit yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolunun inşası tezliklə başa çatacaq. Sözügedən layihə Çinin irəli sürdüyü İpək Yolu İqtisadi Kəməri konsepsiyasının vacib komponentlərindən biri olacaq. Bu ilin avqustunda Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı görüşü digər məsələlərlə bərabər, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına xüsusi təkan verib. Əminik ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsinin tamamlanması iqtisadi artıma yeni stimul verəcək. Layihəyə cəlb olunan ölkələr, həmçinin bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcək. Mənim Çin, Hindistan və digər Cənub, Cənubi-Şərqi Asiya ölkələrinin nümayəndələri ilə görüşlərimdə həm iqtisadi, həm də zaman baxımından sərfəli olan bu layihəyə böyük maraq göstərilir və onlar marşrutun işə düşməsini səbirsizliklə gözləyirlər.

Bundan başqa, Azərbaycan irimiqyaslı enerji layihəsinin - “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarıdır. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. “Cənub Qaz Dəhlizi”nin vacib komponentləri olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin icrası istiqamətində Azərbaycan tərəfdaşlarla birlikdə davamlı siyasətini davam etdirir. Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Sonrakı mərhələdə Balkan ölkələrinin də layihəyə qoşulacağı gözlənilir.

Hesabat ili ərzində, həmçinin ölkəmizin işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması, xüsusən bu ərazilərdə mövcud resurslar hesabına istehsal edilmiş məhsulların xarici bazarlara daxil olmasına yol verilməməsi, eləcə də xarici məhsul və xidmətlərin işğal edilmiş ərazilərimizə ötürülməməsi kimi məsələlər diqqət mərkəzində olub. Bu xüsusda, açıq və digər mənbələrdən aşkarlanmış faktlar tərəfimizdən araşdırılıb və bunun qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülüb.

-Geridə qoyduğumuz il Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı və çoxtərəfli diplomatiyamızın inkişafı baxımından əsasən hansı məqamlarla yadda qaldı?

-Çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində pozitiv gündəliyin formalaşdırılması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan universal beynəlxalq təşkilat kimi BMT və onun ixtisaslaşmış təsisatları ilə əməkdaşlığa, BMT-nin ali orqanları olan Təhlükəsizlik Şurası və Baş Assambleyanın dövrün tələblərinə uyğun olaraq islah edilməsi və effektivliyinin artırılmasına xüsusi önəm verir.

Bu ilin iyun ayında Azərbaycan BMT Baş Assambleyasında keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazanmaqla 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi. ECOSOC davamlı inkişafa dair peşəkar müzakirələr aparmaq üçün mərkəzi platforma olmaqla, bizə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacaq.

BMT Baş Assambleyasından sonra 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı ən böyük beynəlxalq platformadır. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub. 2019-cu ildə Bakıda keçiriləcək XVIII Sammit səciyyəvi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.

Dekabrın 2-də Niderlandın Haaqa şəhərində keçirilən, 192 dövləti bir araya gətirən Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (OPCW) üzv dövlətlərinin XXI konfransı zamanı Azərbaycan ilk dəfə olaraq təşkilatın İcraiyyə Şurasının 2017-2019-cu illər üzrə üzvlüyünə seçildi. Ölkəmizin namizədliyi konfransda iştirak edən dövlətlərin yekdil dəstəyini qazanıb.

Hesabat ilində Azərbaycan, həmçinin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri postuna da seçilib.

Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində mühüm platforma olan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Yeddinci Forumun nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilib.

Dekabrın 4-də Hindistanın Amritsar şəhərində keçirilmiş “Asiyanın ürəyi - İstanbul prosesi”nin 6-cı Nazirlər Konfransının yekun Amritsar Bəyannaməsində Azərbaycan Respublikasının “İstanbul prosesi”nin həmsədr ölkəsi kimi 2017-ci ildə “Asiyanın ürəyi - İstanbul prosesi”nin növbəti Nazirlər Konfransına ev sahibliyi etməsinə dair təklifi alqışlanıb və qəbul edilib.

“İstanbul prosesi” 2011-ci il noyabrın 2-də İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu proses “Asiyanın ürəyi” adlanan bölgənin dövlətləri üçün Əfqanıstan və onun qonşuları arasında təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə edilməsi üçün əlverişli platforma təşkil edir və Əfqanıstanda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə vermək məqsədini daşıyır.

Azərbaycan 2016-cı ildə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-a uğurla sədrlik edib. Ölkəmiz sədrlik dövründə GUAM çərçivəsində iqtisadiyyat-ticarət və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, parlamentlərarası əlaqələrin təşviqi məsələlərinə öz töhfəsini verib.

Dekabrın 2-də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu, Ermənistanın UNESCO çərçivəsində lavaş çörəkbişirmə ənənələrinin mənimsənilməsi istiqamətində olan təxribatçı addımlarına ciddi cavab idi.

Azərbaycan tamhüquqlu üzv olduğu digər beynəlxalq təşkilatlar çərçivəsində də fəallıq nümayiş etdirib və yeni əməkdaşlıq formalarının müəyyən edilməsi üçün təkliflər irəli sürüb. Bu xüsusda, ATƏT, Avropa Şurası, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, QDİƏT və başqaları qeyd oluna bilər.

-Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının indiki vəziyyəti və perspektivlərini necə görürsünüz?

-Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını 1996-cı il aprelin 22-də imzalanmış və 1999-cu il iyulun 1-də qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Bu saziş çərçivəsində siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadiyyat, qanunvericilik, mədəniyyət və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq nəzərdə tutulub. Sazişin imzalanmasından keçən 20 il ərzində Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı maraq kəsb edən bir çox sahələrdə sıx və faydalı əməkdaşlıq əlaqələri qurub.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. 2006-cı il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradan bu sənəd ötən müddət ərzində tərəflər arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə də mühüm töhfələr verib.

Azərbaycanla Avropa İttifaqı arasında bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafı üçün zəngin perspektivlər var. Anlaşma Memorandumunun icrasının nəticəsi olaraq 2011-ci il yanvarın 13-də Azərbaycan və Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb. Təbii qazın Avropa bazarlarına nəqlini nəzərdə tutan bu əhəmiyyətli layihənin fəaliyyətə başlaması ilə Azərbaycan 2018-ci ildən sonra Avropanı ildə 10 milyard kubmetr, 2030-cu ildən etibarən isə il ərzində 25-30 milyard kubmetr qazla təmin edə biləcək. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan uzunmüddətli dövr ərzində Avropanın enerji təchizatı mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

Ona görə də sektoral əməkdaşlıqda Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının bünövrəsini təşkil edən enerji sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilib. “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üzrə Məşvərət Şurasının ikinci toplantısı fevralın 29-da Bakı şəhərində keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirə Avropa İttifaqı tərəfindən xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və enerji birliyi üzrə vitse-prezident Maroş Şevçoviç, həmçinin layihənin iştirakçısı olan ölkələrdən enerji nazirləri və digər yüksək səviyyəli qonaqlar da qatılıblar. İclasın sonunda “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə və layihənin Balkan bölgəsinə genişlənməsinə (Yunanıstan-Bolqarıstan bağlayıcı kəməri) dəstəyi əks etdirən Birgə Bəyannamə imzalanıb.

Azərbaycan 2009-cu ildən həyata keçirilən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirak edir. Azərbaycan Avropa İttifaqı ilə sıx iqtisadi-ticarət əlaqələrinə malikdir. Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Avropa İttifaqına üzv olan ölkələr də Azərbaycanın əsas ticarət tərəfdaşları və ölkə iqtisadiyyatına sərmayə qoyan ən böyük investorlar siyahısına daxildir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub.

Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və bununla əlaqədar olaraq 2015-ci ilin may ayında Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin Sammitində Avropa İttifaqına “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş” layihəsini təqdim edib. Avropa İttifaqı Şurası artıq Azərbaycan ilə Avropa İttifaqı arasında sözügedən saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib. Hesab edirik ki, yeni sənəd təşkilatla ikitərəfli əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq və əməkdaşlığın hərtərəfli inkişafını təmin etmək üçün hüquqi baza yaradacaq. Hazırda sazişin hazırlanması üzrə tərəflərin nümayəndə heyətlərinin tərkibi formalaşdırılır. 2017-ci ilin əvvəlindən etibarən intensiv danışıqlar başlanılacaq.

2015-ci ildə Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Avropa İttifaqının mövqeyini bir daha ifadə edərək bildirmişdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir. Biz Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin bu il Azərbaycana səfəri zamanı keçirdiyimiz birgə mətbuat konfransında Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini açıq şəkildə bəyan etməsini yüksək qiymətləndiririk.

Avropa İttifaqının yeni qəbul edilmiş qlobal strategiyasında da dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və sərhədlərinin toxunulmazlığının təmin olunmasının Avropa düzəninin əsasını təşkil etdiyi vurğulanır və bu prinsiplərin Avropa İttifaqı daxilində və Avropa İttifaqının sərhədləri xaricində bütün dövlətlərə şamil olunduğu bildirilir.

-Son dövrlər ən çox müzakirə olunan mövzulardan biri də multikulturalizmdir. Azərbaycanın beynəlxalq səviyyədə multikulturalizmin təşviqində rolunu necə qiymətləndirirsiniz?

-Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə bir ailə kimi yaşayıblar. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Dini dözümlülük və multikulturalizm Azərbaycanda hər zaman mövcud olub. Hətta “multikulturalizm” sözü mövcud olmadığı bir zamanda belə həmin ideyalar bizim torpaqlarda yaşayıb.

Biz bu istiqamətdə müxtəlif beynəlxalq tədbirləri ölkəmizdə keçirməklə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsində fəal rol oynayırıq. Eyni zamanda, qeyd etmək istəyirəm ki, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Tədbirlər Planı hazırlanıb. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb və multikulturalizmə abidə ucaldılıb. Müxtəlif xalqların nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətini yüksək qiymətləndirirlər. Multikulturalizm çoxmillətli dövlətlərdə siyasi sabitlik yaradılması üçün ən səmərəli vasitədir. Azərbaycanın multikultural və tolerant ölkə olması dövlət və hökumət başçıları səviyyəsində hər zaman təqdir edilir. Bu ilin oktyabr ayında Roma Papası Fransisk Azərbaycana səfəri zamanı ölkəmizdəki dini dözümlülüyü və multikultural dəyərləri yüksək qiymətləndirib.

Bildiyiniz kimi, biz Bakı Beynəlxalq Humanitar Forumunu, hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. Bu ilin aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib və Forumun nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilib. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısına, habelə Dünya Dini Liderlərinin Zirvə toplantısına ev sahibliyi etmişik. 2008-ci ildə biz “Bakı prosesi”nin təşəbbüskarı olduq ki, bu da mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrildi. Gələn ilin aprel ayında Azərbaycan “Bakı prosesi” çərçivəsində 2011-ci ildən etibarən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə IV Foruma ev sahibliyi edəcək. Bütün bu tədbirlər Azərbaycanın dünyada müsbət imicinin formalaşdırılmasına və tanınmasına xidmət edir, eyni zamanda, dünyadakı ayrı-seçkilik, düşmənçilik və zorakılığa qarşı mübarizəyə töhfə verir. Biz bu “təbii sərvətimiz”dən istifadə edib Azərbaycanı dünyada təbliğ edirik və beynəlxalq səviyyədə anlaşma və dialoqun güclənməsinə dəstəyimizi veririk.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

XIV Qlobal Bakı Forumunun elanı və “Global Policy Analysis” jurnalının 12-ci buraxılışının təqdimatı olub

İş yerlərində gender bərabərliyinin təşviqi

Nigeriya nazirliyinin katibi: Azərbaycan dayanıqlı inkişaf baxımından zəngin tarixə və mədəni irsə malikdir

İlyas Demirci: WUF13-ün Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyuram

Mladen İvaniç: Qlobal Bakı Forumu digər qlobal platformalarla müqayisədə daha çox açıq dialoq mühiti ilə seçilir

Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO

Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO

İsmail Serageldin: Nizami Gəncəvi Beynəlxalq Mərkəzində çoxtərəfliliyə və açıqlığa olan sadiqliyimiz dəfələrlə təsdiqlənib

“Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsi çərçivəsində birgə şirkət yaradılacaq

Özbəkistan Mərkəzi Bankı ilə maliyyə hesabatlılığı sahəsində qabaqcıl beynəlxalq təcrübə müzakirə edilib

Mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbar istefa verib

BMT Məskunlaşma Proqramının regional direktoru: Bakı WUF13-ün keçirilməsi üçün müstəsna platforma təqdim edib

Azərbaycan iyulda keçiriləcək Esvatini İnvestisiya Konfransına dəvət edilib

WUF13 çərçivəsində mədəniyyət gecəsi

İspaniyalı mütəxəssis: Azərbaycanın şəhərlərin dayanıqlı inkişafındakı rolunu ekspertlər yüksək qiymətləndirirlər

WUF13 iştirakçısı: Azərbaycan regionda sabit və inkişaf edən mərkəz rolunu möhkəmləndirir

Tramp oğlu Donun toyunda iştirak etməyəcəyini açıqlayıb

Naxçıvan şəhərində 15,5 kilometrlik yolun asfaltlanmasına başlanılıb

Urbanist Qvardiola Qarsiya: İctimai məkanlar şəhər həyatının keyfiyyətində əsas rol oynayır

Premyer Liqa: “Qarabağ” mövsümü üç xalla bitirib

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi necə müəyyən olunacaq?

Pakistanlı iştirakçı: Düşünürəm ki, WUF13 şəhərlərin düzgün layihələndirilməsinə töhfə verəcək

Azərbaycanın postmünaqişə dövründə bərpa işləri sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi

“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar VİDEO

“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar VİDEO

Marko Rubio və Hakan Fidan arasında görüş olub

Rusiyalı iştirakçı: WUF13 gələcəyin şəhərlərinin qurulması ilə bağlı birgə addımların müəyyənləşdirilməsinə töhfə verir

Amerikalı mütəxəssis: Azərbaycan və WUF13 dayanıqlı şəhər inkişafı üzrə təcrübə mübadiləsində mühüm rol oynayır

Nazir Rəşad Nəbiyev Xızıda vətəndaşlarla görüşüb

Kahramanmaraşlı məktəblilər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Prezident Ərdoğan: Türkiyə dünya boru ehtiyatlarının 73 faizinə sahibdir

Mariam Kvrivişvili: Gürcüstanın Türkiyə və Azərbaycanla əməkdaşlıq çərçivəsində Aİ-nin enerji müstəqilliyində rolu artacaq

AMEA-da “44 gün Qarabağ - işğaldan azadlığa” kitabının təqdimatı olub

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür VİDEO

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür VİDEO

® Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar

Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək - XƏBƏRDARLIQ

“Bakı Fəaliyyətə Çağırış” sənədi

Qanalı ekspert: Azərbaycan davamlı urbanizasiyanın təşviqi üçün vacib platformaya çevrilir

Bu saata olan əsas xəbərlər

Azərbaycan ədəbiyyatında Natiq Rəsulzadənin yaradıcılığı xüsusi yer tutur

Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib

Rubio: Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərini bərpa etməyə hazırıq

"Urban Expo": Azərbaycanlı gənclərin uğurlu ekoloji startapı

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub YENİLƏNİB VİDEO

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub YENİLƏNİB VİDEO

Anaklaudia Rossbax: Azərbaycanın ev sahibliyi ilə möhtəşəm WUF13 keçirdik

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

“Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq simpoziumunun materialları nəşr olunub

Avrasiya Patent İdarəsinin prezidenti Əqli Mülkiyyət Agentliyində olub

Fələstinli tələbə: Dayanıqlı şəhərlərin gələcəyinin formalaşmasında beynəlxalq əməkdaşlığın rolu böyükdür

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Gənclər Fondu qrant müsabiqəsi elan edir

BDU əməkdaşları Qazaxıstanda beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

WUF13-ün yamaykalı iştirakçısı: Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində yaxşı nümunə göstərir

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

Somali ilə Azərbaycan arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib

UN-Habitat-ın nümayəndəsi: Gənclər qərarvermə prosesinin bir hissəsi kimi qəbul olunmalıdırlar

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyandan

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktumdan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

“Qəbələ”nin pley-off oyunundakı rəqibi bəlli olub

Muxtar Babayev: Bakı qlobal qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilməkdədir

WUF13-ün pakistanlı iştirakçısı: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə mühüm rol oynayır

Ukrayna Müdafiə Nazirliyi: Rusiya döyüş meydanında 13 min dəfədən çox kimyəvi maddədən istifadə edib

BMT nümayəndəsi: WUF13 ölkədə cəmiyyət üçün konkret və hiss olunan nəticələr yaradacaq - EKSKLÜZİV

Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub

İrana Qasımova: Səməd Vurğunun poeziyası insanlarla zaman arasında canlı dialoq formasıdır

Maimuna Mohd Şərif: WUF13-ə ev sahibliyinə görə Azərbaycanı təbrik edirəm

Misirli tələbə: WUF13-də iştirak etmək mənim üçün çox dəyərli təcrübədir

Sudanlı iştirakçı: WUF platforması ideyaların qarşılıqlı mübadiləsinə imkan yaradır

Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında uroloji risklər və multidisiplinar klinik yanaşmalara həsr olunmuş elmi seminar

WUF13-ün sonuncu gününün maraqlı anları - FOTOLAR

Giorgi Xaindrava: WUF13-ün yüksək səviyyədə təşkili region üçün də mühüm əhəmiyyət kəsb edir

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası

WUF13 iştirakçısı: İnanıram ki, Qana Azərbaycanla şəhərsalma sahəsində səmərəli əməkdaşlıq qura bilər

İsveçdə mobil telefonlar üçün fövqəladə xəbərdarlıq sistemi istifadəyə veriləcək

Nkeyi meri: WUF13 yüksək səviyyədə keçirildi və beynəlxalq tədbirin miqyasına tam uyğundur

Gəncədə vəkillər məhkumlara hüquqi yardım göstəriblər

WUF13 çərçivəsində böhran və münaqişə şəraitində mənzil hüquqları və yenidənqurma çağırışlarından danışılıb - YENİLƏNİB

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışılıb

SOCAR Ukraynadakı yanacaqdoldurma məntəqələrinin yarısında sığınacaqların yaradılmasını yekunlaşdırıb

Biznesin dayanıqlı artımı və inkişafı - UNEC-də beynəlxalq elmi simpozium

“Bank of Baku”dan ölkəxarici pul köçürmələrinə ENDİRİM

Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” təşkil olunacaq

Daşkənddə WUF13 çərçivəsində şəhər inkişafında mədəniyyətin roluna həsr olunmuş seminar təşkil olunub

WUF13-dən gözləntilər mövcud böhranın miqyasına uyğundur – MÜSAHİBƏ

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Xarici ekspert: Bakı şəhər həyatının hibrid modellərinin sınaqdan keçirilməsi üçün pilot platformaya çevrilə bilər

“Azərpoçt”un xüsusi WUF13 markası tədbirin simvollarından birinə çevrilib - REPORTAJ VİDEO

“Azərpoçt”un xüsusi WUF13 markası tədbirin simvollarından birinə çevrilib - REPORTAJ VİDEO

BMT nümayəndəsi: WUF13 qlobal mənzil böhranının həlli üçün daha sürətli və effektiv addımların atılmasına kömək edəcək

Akankşa Şarma: Uğurlu şəhər transformasiyası hərtərəfli və inteqrasiya olunmuş planlaşdırma tələb edir

PMS imtahanının yekun nəticələri elan olunub

Azərbaycan Avrasiya məkanında mühüm aktorlardan biri kimi qəbul olunur - ŞƏRH

Mexikonun baş koordinatoru: Azərbaycan WUF13-ü nümunəvi şəkildə təşkil etdi VİDEO

Mexikonun baş koordinatoru: Azərbaycan WUF13-ü nümunəvi şəkildə təşkil etdi VİDEO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub

WUF13-ün yaratdığı rezonans ölkəmizin imicinə uzunmüddətli təsirlər göstərəcək - Ekspert