“Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” – elmi konfrans
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da AMEA Rəyasət Heyətinin və AMEA Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Elmi liderlikdə qadınlar və qızlar - davamlı inkişafın yeni dövrü” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova konfransın 11 fevral - “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunduğunu söyləyib, bu əlamətdar günün BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən keçirildiyini bildirib. Akademik Azərbaycanda builki “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün keçirilməsinin olduqca əhəmiyyətli hadisə ilə də yadda qalacağını vurğulayıb.
Akademik bildirib ki, builki günün altmövzusu “Elm haqqında düşün... Sülh haqqında düşün” adı altında müəyyənləşdirilib. Bu günlərdə Nyu-Yorkda, BMT-nin Baş Qərargahında IX Beynəlxalq Qadınlar və Qızlar Günü Assambleyasının keçirildiyini qeyd edən vitse-prezident tədbirin ko-sponsorları sırasında Azərbaycan Respublikasının da yer aldığını vurğulayıb.
AMEA-nın vitse-prezidenti builki “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günündə əhatə edilməsi xüsusən vacib olan məqsədlər haqqında məlumat verib. Bildirib ki, bu məqsədlər diplomatiyada və beynəlxalq məsələlərdə, davamlı, ədalətli və inklüziv sosial-iqtisadi inkişaf, elm, təhsil, texnologiya və yaşıl iqtisadi artım, mədəniyyət sahələrində qadınların rolunu araşdırmaq və onları öz fəaliyyətlərini genişləndirməyə təşviq etmək kimi məsələlərdən ibarətdir. İradə Hüseynova milli dəyərlərin güclü olduğu Azərbaycanın qadın və qızların elmdə iştirakı ilə bağlı bir çox göstəricilərə görə dünyanın inkişaf etmiş ölkələrinin bəzilərini geridə qoyduğunu qeyd edərək, bunun ölkə rəhbəri tərəfindən aparılan siyasətin nəticəsi olduğunu vurğulayıb. Alim bildirib ki, bu siyasətin icrasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri var, onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən qadınların və qızların elmə, təhsilə cəlb olunması istiqamətində geniş layihələr həyata keçirilir.
“Bu gün Azərbaycan qadınları elm və təhsildə yeni hədəflərə doğru irəliləyirlər. Bu hədəflər sırasında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, o cümlədən elmin böyük qayıdışı, ətraf mühitin, ekologiyanın sağlamlaşdırılması, sağlam və təhlükəsiz yaşam üçün imkanların genişləndirilməsi, dünya elminə daha geniş inteqrasiya, beynəlxalq elmmetriya reytinqlərində ölkənin göstəricilərinin yüksəldilməsi və s. ilə bağlı məsələlər də xüsusi yer tutur”, - deyə akademik bildirib.
AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə ölkəmizin ictimai-siyasi həyatında qadın alimlərimizin fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın qadın alimləri öz fəaliyyətlərində və şəxsi həyatlarında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat yolunu və zəngin elmi yaradıcılığını nümunə götürürlər.
Tədbirdə, həmçinin “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva və AMEA Rəyasət Heyətinin Qadınlar Şurasının sədri Tubuxanım Qasımzadə çıxış edərək Azərbaycan qadınlarının, xüsusilə elmdə və təhsildə fərqlənən xanımlarımızın cəmiyyətimizin aparıcı qüvvəsi olduqlarını bildiriblər.
Konfransda “Elmdə qadın liderliyi. Azərbaycan nümunəsi”, “Azərbaycanın folklorşünaslığında qadın alimlərin rolu”, “Prezident İlham Əliyevin dövlət strategiyasında qadın siyasəti”, “Azərbaycanda seysmologiya elminin inkişafında qadınların rolu”, “Azərbaycanın tanınmış idmançı qadınları” və “Xərçəng xəstəliyinin müalicəsində yeni texnologiyalar. Qadın alimlərin töhfələri” mövzularında məruzələr dinlənilib.