Elmi-metodik seminarda 7-ci sinif “Fizika” dərsliyinin müzakirəsi aparılıb
Bakı, 16 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) yanvarın 16-da fizika fənni üzrə hazırlıq kursunun ilk dərsi və elmi-metodik seminar keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq kursunda moderator Sona Hacılı fənn kurikulumunun məzmunu, mahiyyəti və strukturuna aid təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Seminarda isə gündəlik məsələ 7-ci sinif “Fizika” dərsliyinin müzakirəsi olub. Müzakirədə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Dərsliyin məzmunu haqqında Bakı şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Sona Hacılı çıxış edib. Həmin məktəbin müəllimi Sevda Qadaşova, ATU-nun əməkdaşı Elşən Həsənov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin müəllimi Fəridə Babazadə və başqaları dərsliyin məzmunu, dil və yazı üslubu, faktların elmiliyi haqqında qeyd və təkliflərini bildiriblər. Müzakirə nəticəsində dərslikdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyə hazırlanması, tövsiyənin test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul olunub.
Növbəti seminarda 8-ci sinif “Fizika” dərsliyinin müzakirəsi aparılacaq.