Elmi seminar: Hüquq elminin müasir tədqiqat istiqamətləri
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda (HİHİ) “Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarı giriş nitqi ilə institutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə açaraq son dövrlərdə əhalinin sağlamlığının qorunması, vətəndaşların səhiyyə və tibbi fəaliyyət sahəsində hüquqları ilə bağlı münasibətlərin sürətli inkişafı, bu sahədə etik təsəvvürlərin dəyişməsi, orqan və toxumaların transplantasiyası, süni mayalanma və s. kimi bioetik məsələlərin aktuallaşması nəticəsində HİHİ-də tibb hüququ kursunun hazırlandığını və hüquq elminə yeni töhfə verildiyini bildirib. A.Mustafazadə qeyd edib ki, müasir dövrdə tibb hüququ hüququn müstəqil sahəsi kimi formalaşıb və artıq onun öz tənzimetmə predmeti mövcuddur. O, günümüzün aktual mövzularından biri olan süni intellekt məsələsinə toxunub, institutda hazırda bu istiqamətdə işlər getdiyini və yaxın gələcək üçün təkliflər hazırlanaraq Milli Məclisinə təqdim ediləcəyini vurğulayıb.
Sonra institutun dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə “Tibb hüququnun təcrübədə tətbiqi” mövzusunda çıxış edib. O hüquqi məsuliyyət probleminə, həmçinin pasiyentlərin hüquqlarının pozulmasına görə mülki və maddi məsuliyyət məsələlərinə də toxunub. Qeyd edib ki, sağlamlığın qorunması mürəkkəb və çoxcəhətli sosial-hüquqi kateqoriyadır. Ona görə də sağlamlığın qorunması sahəsində yaranan münasibətlər bir çox hüquq sahələrinin normaları ilə tənzimlənir. O, bu hüquq sahələri içərisində Konstitusiya hüququnun xüsusi və əhəmiyyətli yerə malik olduğunu vurğulayıb.
Daha sonra mülkü hüquq, mülkü proses və sosial-iqtisadi hüquqlar şöbəsinin aparıcı elmi işçisi Nigar Ağakişiyeva “Palliativ yardım hüququ” mövzusunda çıxış edərək qeyd edib ki, palliativ yardım sağalmaz xəstələrə tibbi-sosial xidmətin göstərilməsi deməkdir. Bu cür yardım həm stasionar, həm də ev şəraitində göstərilə bilər. Bildirilib ki, Avropa ölkələrində və ABŞ-da palliativ yardım mərkəzləri fəaliyyət göstərir. O, Azərbaycanda da palliativ yardıma ehtiyac duyulduğunu və bunun qanunvericilikdə öz əksini tapması məsələsinin məqsədəuyğun olduğunu bildirib.
Sonda cinayət hüququ və cinayət prosesi şöbəsinin aparıcı elmi işçisi, hüquq elmləri doktoru Məhəmməd İmanlı “Pilotsuz avtonom nəqliyyat vasitələri nəqliyyat cinayətlərində fenomen kimi” mövzusunda məruzə ilə çıxış edib. O, pilotsuz uçan aparatların hərbi kəşfiyyat təyinatlı olmaqla kiberhücumların qarşısının alınmasında istifadə edildiyini, həmçinin robotlar sinfinə aid olduğunu qeyd edib. M.İmanlı onların insan üçün potensial təhlükə olan missiyalarda istifadə edilməsi üçün nəzərdə tutulduğunu bildirib. Qeyd edilib ki, dispetçersiz idarə olunan avtonom nəqliyyat vasitələrinin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var.
Sonda müzakirələr aparılıb, təkliflər səsləndirilib.