Əlyazmalar İnstitutu fəaliyyətini karantin rejiminin tələblərinə uyğun davam etdirir
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 5 dekabr tarixli “Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək ölkədə müxtəlif tədqiqatlar aparılır. Məlum səbəblərdən sosial izolyasiya dövründə növbədənkənar məzuniyyətdə olan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri də bu istiqamətdə fəaliyyət göstərir, töhfələrini verirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədovanın “Məhəmməd Hadi Əbülqasım Əminzadənin xatirələrində” məqaləsi də bu qəbildəndir. Məqalədə Məhəmməd Hadinin şəxsi həyatından bəhs edilir.
Qeyd edilir ki, Əbülqasım Əminzadə Mirzə Ələkbər Sabir, Abbas Səhhət kimi şəxsiyyətlərlə yanaşı, Məhəmməd Hadi ilə də dostluq münasibətində olub. Bu dostluq onun Hadi haqqında xatirələrinin qələmə alınmasına zəmin yaradıb. Əminzadənin Məhəmməd Hadi haqqında xatirələri Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılır. Xatirələr sarı vərəqlərin bir üzünə Azərbaycan dilində ərəb əlifbası ilə bənövşəyi mürəkkəblə qələmə alınıb. Əsərin yazılma tarixi qeyd edilməsə də, keçən əsrin otuzuncu illərinin sonunda qələmə alındığı müəyyənləşdirilibdir.
Hadinin şəxsi həyatı Əminzadənin xatirələrində əhatəli və dolğun təsvir olunub. Onun İstanbul həyatı, təqib və sürgün olunması, Bakıya qayıtması haqqında Abdulla Şaiqin, Əli Nəzminin xatirələrində müəyyən qədər məlumat verilib. Odessada keçirdiyi günlər haqqında isə heç bir mənbədə qeyd olunmasa da Əbülqasım Əminzadənin xatirələrində bütün aydınlığı ilə öz əksini tapıb.