ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunun əməkdaşları UNESCO-nun 30 illiyi münasibətilə təşkil olunmuş vebinarda iştirak ediblər
![](/files/galleryphoto/2022/3/1200x630/1669617051711245934_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16696170516330843576_1200x630.jpg)
Bakı, 28 noyabr, AZƏRTAC
Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə UNESCO-nun “Dünya yaddaşı” proqramı beynəlxalq reyestri çərçivəsində “Soğd yazılı abidələri” çoxmillətli nominasiyasının inkişafına dair regional strategiya” istiqamətində vebinar keçirilib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələrin alimlərinin qoşulduğu onlayn proqramda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları - Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova, həmin şöbənin elmi işçisi Əsmər Hümbətli, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnulla və Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Xoşqədəm Mirzəyeva iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, vebinarda Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru Mirsadiq İsaqov, Ermitaj Dövlət Muzeyinin əməkdaşı Pavel Lurye, Berlin-Brandenburq Humanitar Elmlər Akademiyasının əməkdaşı Əlişir Beqmatov, “Soğd toplusu” elmi jurnalının redaktoru, professor Şəmsəddin Kəmaləddin və Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun əməkdaşı Əlişir İkramov çıxış edib və iştirakçılara mövzuya dair yekun tövsiyələrini veriblər.
Qeyd edək ki, vebinarın keçirilməsində əsas məqsəd UNESCO-nun “Dünya yaddaşı” proqramı beynəlxalq reyestrində çoxmillətli nominasiyanın inkişafına dair regional əməkdaşlıq şəbəkəsinin yaradılmasıdır.