İQTİSADİYYAT
Əmanətlərin Sığortalanması Fondu "Bank Standard"ın qorunan əmanətçilərinə müraciət edib

Bakı, 4 oktyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) "Bank Standard" Kommersiya Bankının (KB) qorunan əmanətçilərinə müraciət edib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq QSC "Bank Standard" KB-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə oktyabrın 11-dən başlanacaq və bu haqda ətraflı məlumat veriləcək.
Əmanətçi kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində ərizə ilə müraciət edə bilər.
Bu il martın 1-də qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və martın 2-dən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - xarici valyuta üzrə 3 faiz və sentyabrın 16-dan qüvvəyə minmiş milli valyuta üzrə 15 faiz həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində (1 mart 2019-cu ilədək) tam sığortalanır.