ƏMƏKDAŞLIĞIN YENİ MƏRHƏLƏSİNDƏ
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin miqrasiya orqanlarının rəhbərləri şurasının növbədənkənar iclası mayın 16-da Minskdə keçiriləcəkdir. Bunu AZƏRTAC-a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirmişlər.
Görüşdə MDB ölkələrinin əməkçi miqrantlarının və onların ailə üzvlərinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi müzakirə olunacaqdır. Ümumi Həmkarlar İttifaqları Konfederasiyasının iştirakı ilə hazırlanmış sənəd müxtəlif tamamlama və müzakirə mərhələləri keçmiş, son ekspert iclasında isə, əsasən, razılaşdırılmışdır.
Konvensiyanın əsas məqsədi əməkçi miqrantlar və onların ailə üzvləri və qəbul edən dövlətin vətəndaşları üçün yaşayış və işə aid bərabər şərait yaratmaqdır. Sənədin qəbul edilməsi Birliyin bütün dövlətlərinin ərazilərində miqrantların hüquqları və mənafelərinin qorunmasında əməkdaşlığın, əhalinin miqrasiya axınlarının tənzimlənməsinin yeni mərhələsini açacaq və MDB iştirakçısı olan dövlətlərin razılaşdırılmış miqrasiya siyasəti haqqında Bəyannamənin gerçəkləşdirilməsi sahəsində ilk addımlardan biri olacaqdır.