EMİN SABİTOĞLU-65 “BU DƏNİZİN GÖZÜ YAŞLI SƏNSİZ...”
Görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, xalq artisti, Dövlət mükafatı laureatı, professor Emin Sabitoğlunun anadan olmasının 65 illiyi münasibətilə noyabrın 25-də Musiqili Komediya Teatrında “Bu dənizin gözü yaşlı sənsiz...” adlı xatirə gecəsi keçirilmişdir.
Tədbirdə mədəniyyət naziri Polad Bülbüloğlu, xalq yazıçısı Anar, xalq şairi Vaqif Səmədoğlu, xalq artistləri, kinorejissor Rasim Ocaqov, Bəstəkarlar İttifaqının birinci katibi Vasif Adıgözəlov və başqaları Emin Sabitoğlunun qırx ildən artıq davam etmiş yaradıcılığının bəhrəsi olan çoxsaylı mahnılarının, musiqili komediyalarının, kino və teatr musiqisinin yüksək sənətkarlıq xüsusiyyətlərindən danışdılar, bəstəkarla bağlı xatirələrini söylədilər.
Gecədə Dövlət Musiqili Komediya Teatrı aktyorlarının ifasında Emin Sabitoğlunun “Hələlik”, “Nəğməli könül”, “Bankir adaxlı” musiqi komediyalarından parçalar ifa edildi, lirik mahnıları, filmlərə və tamaşalara bəstələdiyi musiqilər səsləndi.
Axırda bəstəkarın həyat yoldaşı, müğənni Xədicə Abbasova Emin Sabitoğlunun xatirəsinə göstərilən diqqətə görə gecənin təşkilatçılarına və iştirkçılarına dərin minnətdarlığını bildirdi.
Baş nazirin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər tədbirdə iştirak edirdilər.