İQTİSADİYYAT
Energetika Nazirliyində AYİB nümayəndə heyəti ilə görüş olub
Bakı, 20 iyun, AZƏRTAC
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və AYİB arasında əlaqələrin bir çox sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanıb, elektroenergetika, bərpaolunan enerji və enerji səmərəliliyi istiqamətində qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Xatırladaq ki, hazırda Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsi və kiçik miqyaslı bərpaolunan enerji layihələri üçün lazımi normativ çərçivənin formalaşdırılması istiqamətlərində əməkdaşlıq davam etdirilir.