“English language fellow” layihəsi çərçivəsində Tibb Universitetində ingilis dili üzrə təlimlər keçiriləcək
Bakı, 8 sentyabr, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.
ATU-dan AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti ilə görüşdə ali məktəbin rektoru professor Gəray Gəraybəyli universitetin fəaliyyəti, tədris proqramlarındakı dəyişikliklər, gözlənilən islahatlar və digər əhəmiyyətli məsələlər barədə qonaqlara məlumat verib.
Görüş zamanı ATU-nun beynəlxalq əlaqələri, universitet üzrə üç ixtisasın beynəlxalq akkreditasiyadan keçməsi ilə bağlı məlumat da səfirlik təmsilçilərinin diqqətinə çatdırılıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Salman Haji təhsil sahəsində mövcud proqramlar barədə danışıb. Həmçinin “English language fellow” proqramının təfərrüatları haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ABŞ səfirliyinin təşəbbüsü ilə reallaşdırılan “English language fellow” layihəsi çərçivəsində on ay ərzində Azərbaycan Tibb Universitetində dil üzrə təlimlər keçiriləcək. Proqramın məqsədi ATU-nun professor-müəllim heyətinin, xüsusilə ingilis dilində tədris aparılan qruplarda dərs deyən müəllimlərin ingilis dili biliklərinin yaxşılaşdırılmasıdır.