Ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir - GDU-da tədbir
Gəncə, 18 sentyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu, şanlı tariximizə ən parlaq səhifələr yazıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurulub. Ağır itkilər verən işğalçılara bayraq qaldıraraq təslim olublar. Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.
Prorektor çıxışında Beynəlxalq Sülh Günündən danışaraq qeyd edib ki, sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Vurğulanıb ki, dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə Beynəlxalq Sülh Gününün təsis olunması barədə qərar qəbul edib.
Rus dili kafedrasının dosenti Sevda Əliyeva “Azərbaycanın Dövlət Suverenliyi və onun tarixi əhəmiyyəti”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “Azərbaycanın suverenliyinin bərqərar olması tarixi ədalətin bərpası missiyası kimi”, İqtisadiyyat kafedrasının müəllimi Emiliya Əsgərova “Sülh və iqtisadi inkişaf: Qlobal sabitliyin təməl sütunları”, Riyaziyyat və informatika fakültəsinin V kurs tələbəsi Rəbiyyə Hacıyeva “Zəfərdən sülhə doğru” və Fizika və texniki fənlər fakültəsinin III kurs tələbəsi Ülviyyə Məmmədli “Ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir” adlı məruzələrlə çıxış ediblər.
Tədbirdə universitetin Musiqi kafedrasının xor kollektivi vətənpərvər mahnılar səsləndiriblər.
Sonda müəllim və tələbələr sülhün rəmzi olan göyərçini səmaya buraxıblar.
Müxbir - Elcan Məmmədov