Erkan Özoralın Azərbaycanda vəzifəsini müvəffəqiyyətlə başa vurması münasibətilə İstanbulda ziyafət təşkil edilib
İstanbul, 15 avqust, AZƏRTAC
Türkiyə Respublikasının ölkəmizdəki sabiq səfiri Erkan Özoralın vəzifəsini müvəffəqiyyətlə başa vurması münasibətilə İstanbulda ziyafət təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən keçirilən tədbirdə vəqfin sədri, professor Akkan Suver, ölkəmizin İstanbuldaki baş konsulu Nərminə Mustafayeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım və digərləri iştirak ediblər.
Tədbirdə E.Özoralın ölkəmizdəki fəaliyyəti dövründə Türkiyə-Azərbaycan qardaşlığı prinsipini rəhbər tutaraq iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində xidmətləri yüksək qiymətləndirilib. Onun vəzifəsinin icrası dövründə istər işlədiyi ölkələrdə əldə etdiyi uğurlar, istərsə də sözügedən vəqflə münasibətdə göstərdiyi həssaslıq xüsusi qeyd edilib.
Mərasimdə vəqf tərəfindən E.Özorala təşəkkür plaketi təqdim olunub.
Qeyd edək ki, Erkan Özoral Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. O, ölkəmizdə vəzifəsinin icrasını tamamladıqdan sonra Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyə Prezident Administrasiyasının protokol müdiri təyin olunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul