ERMƏNİSTAN DANIŞIQLAR PROSESİNDƏ ÜZƏRİNƏ DÜŞƏN MƏSULİYYƏTDƏN QAÇMAQ İSTƏYİR
GUAM ölkələri ərazilərində dondurulmuş münaqişələrin həlli müddəti uzanır. Bu da beynəlxalq ictimaiyyətin nəzərindədir. AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə müsahibəsində demişdir.
GUAM ərazilərindəki mövcud münaqişələrin həllində bu təşkilata üzv ölkələrin ərazi bütövlüyünün bərpası prinsipinin zəruri olduğunu vurğulayan Araz Əzimov bu məsələdə Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan etmişdir. İşğal olunmuş ərazilər dövlətlərin tam suveren nəzarətinə qaytarılmalıdır.
Xarici işlər nazirinin müavini demişdir ki, GUAM dövlətləri bu münaqişələrin həlli üçün konkret prinsiplər irəli sürmüşlər. Bu təşəbbüslər hazırda müzakirə olunur. Separatçı qüvvələr isə Kosovo təcrübəsinin Cənubi Qafqazdakı münaqişələrə təsirinə dair bəyanatlar verirlər. Bu isə region üçün fəlakət ola bilər.
Araz Əzimov Ermənistandakı siyasi qüvvələrin yaranmış vəziyyətdən istifadə edib prosesi gərginləşdirmək istədiklərini bildirmişdir. Onlar danışıqlar prosesində üzərlərinə düşən məsuliyyətdən qaçmaq istəyirlər.
Hazırda münaqişələrin həlli üçün imkanların mövcud olduğunu söyləyən A.Əzimov bunun yalnız ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola biləcəyini demişdir. Azərbaycanlılar Dağlıq Qarabağa qayıtmasalar oranın heç bir qanuni vəziyyətindən danışmaq olmaz. Dağlıq Qarabağın özünü təcridə salması proseslərin mümkün olan həlli imkanlarını da məhdudlaşdıracaqdır. Bu isə heç kəs ücün məqbul ola bilməz.