ERMƏNİSTANDA YAŞAYAN RUSDİLLİ ƏHALİNİN HÜQUQLARI DÖVLƏT TƏRƏFİNDƏN LAZIMİ SƏVİYYƏDƏ QORUNMUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisidə Cənubi Qafqaz ölkələrində rusdilli əhalinin vəziyyətinə və onların cəmiyyətə inteqrasiyasına həsr olunan ikinci regional konfrans keçirilmişdir.
Azərbaycan, Gürcüstan və Ermənistanda yaşayan rusdilli icmanın nümayəndələrinin iştirak etdiyi tədbirdə Ermənistanda rusdilli əhaliyə qarşı olan mövqe kəskin tənqidə məruz qalmışdır.
Yerevandakı “Rusiya” ictimai təşkilatının rəhbəri Yuri Yakovlev çıxışında etnik rusların və rusdilli əhalinin özünü Ermənistanda diskomfort vəziyyətdə hiss etdiyini və hüquqlarının dövlət tərəfindən lazımi səviyyədə qorunmadığını, onların ölkənin sosial-ictimai həyatına qatıla bilmədiklərini demişdir.
Bildirilmişdir ki, Ermənistanda bir dənə də rusdilli məktəb yoxdur, erməni məktəblərinin rusdilli siniflərinə qəbul isə ciddi şəkildə məhdudlaşdırılmışdır. Bu isə öz növbəsində, rusdilli əhalinin böyük əksəriyyətinin iş tapmasına mane olur. Ümumiyyətlə, Ermənistan keçmiş SSRİ respublikaları içərisində son 30 ildə etnik rusların azalması səviyyəsinə görə lider ölkədir. Bu müddətdə Ermənistanda yaşayan rusların sayı 9 dəfə azalmışdır.
Azərbaycandakı rusdilli diasporun nümayəndəsi Gülcan Məsutova isə Azərbaycandakı rusdilli əhalinin bu qəbildən olan problemlərlə üzləşmədiyini və ölkəmizin nəinki Cənubi Qafqazda, habelə bütün dünyada milli dözümlülük və tolerantlıq sahəsində nümunə olduğunu vurğulamışdır.