Ermənistanın Tovuzdakı təxribatları ilə bağlı Avropa Parlamentindən reaksiya
Bakı, 16 iyul, AZƏRTAC
Xəbər verildiyi kimi, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, deputat Cavanşir Feyziyev Ermənistanın hərbi təxribatı ilə bağlı Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə səlahiyyətli şəxslərinə müraciət edib. Müraciətdə Ermənistanın təcavüz aktı barədə Avropa Parlamentinin vəzifəli şəxslərinə ətraflı məlumat verilib və sərhəddə baş verən hadisələr və onların doğuracağı nəticələrə görə bütün məsuliyyətin Ermənistanın siyasi hakimiyyətinin üzərinə düşdüyü bildirilmişdi.
AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand deputatın müraciətinə cavab olaraq bəyanat yayıb.
Xanım Kalyurand öz bəyanatında son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən və Tovuz rayonunda hərbi və mülki şəxslərin həlak olması ilə nəticələnən hərbi qarşıdurmaya görə dərin narahatlıq hissi keçirdiyini bildirib və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib. Diplomat qeyd edib ki, Avropa Parlamentinin dəfələrlə qeyd etdiyi kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur və münaqişə yalnız BMT Nizamnaməsinə və ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə beynəlxalq hüquq normalarına əsasən həll edilməlidir. Bəyanatda ATƏT-in Minsk qrupunun 2009-cu il Əsas Prinsipləri əsasında münaqişənin həlli istiqamətində səylərinə dəstək ifadə olunur. Avropa Parlamentinin təmsilçisi münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa, gərginliyin artmasına xidmət edən bütün hərəkətlərdən çəkinməyə və münaqişənin dərinləşməsinin qarşısını almaq üçün dərhal danışıqlara başlamağa çağırış edib.