Esterqom bazilikası əsaslı rekonstruksiya olunacaq
Budapeşt, 4 aprel, AZƏRTAC
Macarıstanın ən böyük kilsələrindən biri sayılan Esterqom bazilikasının rekonstruksiyasına 13 milyard forint (39 milyon avro) ayrılır.
AZƏRTAC xəbər verir ki, yenidənqurma işlərinə artıq başlanılıb və dörd ildən sonra bazilika yeni görkəm alacaq. Bu işlərə şimal portalının tam yenidənqurulması və əlillərin binanın xəzinə otağına və panorama qatına kənar müdaxilə olmadan qalxmaları üçün liftin quraşdırılması daxildir. Əsas giriş hissəsinin rekonstruksiyasına bu il başlanacaq. Binanın giriş hissəsinin bərpa işləri 2020-ci ilədək başa çatmalıdır. Çünki məhz o vaxt bazilika Beynəlxalq Yevxaristiya Konfransının keçiriləcəyi məkan olacaq.
2019-cu ilin sonunda damın və daxili otaqların təmirinə başlanılacaq. Sonuncu mərhələdə binanın daxilində kiçik işlər həyata keçiriləcək.
Bazilikanın rekonstruksiyasının 2022-ci ildə başa çatması ehtimal edilir. Təmir işləri aparılan müddət ərzində kilsə ictimaiyyət üçün açıq olacaq.
2016-cı ildə günbəzdəki bəzəklər düşərək onların altında dayananlara təhlükə yaratdığı zaman təmir işlərinə ehtiyacın olduğu duyuldu. Ekspertlər divarların vəziyyətinin nə dərəcədə böhranlı olduğunu müəyyənləşdirmək üçün hər divarı ətraflı tədqiq edirdilər. Şəkillər və aparılan bir neçə yoxlama divarların və günbəzin mümkün qədər tez bir müddətdə təmir olunmasının vacibliyini göstərib. Çünki tikintinin bəzi elementləri hər an yerə düşə bilərdi. Memarlar bədbəxt hadisələrin qarşısını almaq məqsədilə günbəzin altında xüsusi müdafiə toru quraşdırmağa məcbur olublar. Bu tor tamamilə təhlükəsiz və etibarlıdır.
Esterqom bazilikası İkinci Dünya müharibəsindən sonra rekonstruksiya olunub və daha sonra 1970-ci illərin ortalarında yenidən bərpa edilib. 1993-cü ildə damın bütün konstruksiyası dəyişdirilib. Üç il bundan əvvəl hökumət tərəfindən binanın təmirinə 1,6 milyard forint (5 milyon avro) ayrılsa da, bu vəsait kifayət etməyib. 2018-ci ildə ekspertlər rekonstruksiyanın tam planını hazırlayıb və işləri 13 milyard forint (39 milyon avro) həcmində dəyərləndiriblər. Bu məbləğin bütün zəruri inşaat işlərinə kifayət edəcəyi hesab olunur.