ETİRAZ AKSİYASI UCBATINDAN OLİMPİYA MƏŞƏLİNİN ESTAFET MARŞRUTU DƏYİŞDİRİLMİŞDİR
Bakı, 31 oktyabr (AZƏRTAC). Olimpiya məşəli estafetinin Kanada mərhələsi bu ölkənin Britaniya Kolumbiyası əyalətinin paytaxtı Viktoriyada start götürmüşdür. Lakin əyalətdə keçirilən etiraz aksiyası ucbatından estafetin marşrutu dəyişdirilmişdir.
Dövlətin əhalinin ehtiyaclarına qayğı göstərmək əvəzinə Olimpiya mərasiminə xərc çəkməsindən narazı olan yüzlərlə insan Viktoriya küçələrini bir neçə saatlığa bağlamışlar. Onların bu hərəkətləri Olimpiya məşəlini əvvəlcədən planlaşdırıldığı kimi, hökumət binasının yanından aparmağa imkan verməmişdir. Nəticədə təşkilatçılar estafetin şəhərin sahilyanı hissəsindən bir neçə mil aralı keçən başqa bir marşrutunu seçməyə məcbur olmuşlar.
Təşkilatçıların sözlərinə görə, marşrutun dəyişdirilməsi estafet iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi mülahizələrinə əsasən qərara alınmışdır.
Olimpiya məşəlini aparan ilk idmançıların adları son ana qədər gizli saxlanırdı. Nəhayət, məlum olmuşdur ki, bu idmançılar məşhur konki ustası Katriona Le Mey-Doan və triatlonçu Simon Uaytfilddir.
Məşəlin estafetində cəmi 12 min nəfər iştirak edəcəkdir. Bu idmançı qadın və kişilərin hər birinin distansiya boyunca apardığı Olimpiya məşəlini özünə saxlamaq hüququ var. Kanadanın “Bombardier” şirkəti tərəfindən hazırlanmış bu məşəllərin birinin dəyəri təqribən 350 Kanada dollarına bərabərdir.
Cümə günü səhər saat yarım gecikməklə Viktoriya Beynəlxalq hava limanında enmiş Kanada hərbi hava qüvvələrinə məxsus CC-150 Polaris (Airbus A-310) təyyarəsi şaxtaçı fanarında saxlanılan Olimpiya məşəlini Kanada torpağına çatdırmışdır. Təyyarə təqribən 24 saat havada qaldıqdan sonra məşəl qədim Olimpiyada günəş şüaları iıə yandırılmış və təyyarə Yunanıstan paytaxtından Kanadaya yola düşmüşdür.
Olimpiya artefaktı Viktoriyanın mərkəzinə daxili buxtanın səthi ilə, uzunluğu təqribən 14 metr olan kanoedə çatdırılmışdır. Buxtanın sahilində əyalət parlamentinin binası ucalır. Bu kanoeni dörd yerli hindi qəbiləsinin başçıları idarə etmişdir. Qəbilə başçıları bir vaxtlar aborigenlərə məxsus olmuş torpağa qədəm qoymaq üçün nəzakətlə icazə istəyəndən sonra Olimpiya məşəlini məxsusi bu məqsədlə qurulmuş səhnəyə gətirmişlər.
Sonra təntənəli mərasimdə bir dəqiqəlik sükut elan olunmuş və Vankuver Olimpiya oyunlarının təşkilat komitəsinin sədri, bir həftə əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişmiş Cek Pulun xatirəsi yad edilmişdir.
Estafetin ilk günündə Olimpiya məşəli Viktoriya şəhərinin yerləşdiyi Vankuver adasını tərk etməyəcəkdir. 147 idmançı bu məşəli yaxın ətrafda gəzdirəcək, ilk gündə 90 kilometr məsafəni qaça-qaca, velosiped və qayıqla qət edəcək, axşam isə yenidən Britaniya Kolumbiyasının paytaxtına qayıdacaqdır.
Vankuverdə keçiriləcək Ağ Olimpiadanın başlanmasına qalan 106 gün ərzində estafet iştirakçıları Kanadanın Sakit okean sahillərindən Atlantik sahillərinə gedib-qayıdacaq, 2010-cu il fevralın 12-də Olimpiadanın açılış mərasimi dövründə Olimpiya oyunlarının paytaxtına gəlmək üçün 45 min kilometr məsafə qət edəcəklər.
Kanadalılar artıq indidən fəxr edirlər ki, onların estafeti Olimpiadalar tarixində marşrutu bir ölkənin ərazisindən keçən ən uzun estafetdir. Viktoriyadan Vankuverə gedən yolda Kanadanın mindən çox icmasının ərazisindən keçəcək Olimpiya məşəli Ağcaqayın yarpağı Ölkəsinin əhalisinin 90 faizi üçün nəqliyyatla cəmi bir saatlıq məsafədə olacaqdır. Bu marşrut həm də onunla əlamətdardır ki, o, Şimal qütbündən məsafəsi min kilometrdən az olan ilk marşrut olacaqdır.
Vankuverin Olimpiya məşəli yol boyunca üç stixiyanın ağuşunda olacaqdır. Hesablamalara görə, məşəl su yolu ilə 1000 kilometr, hava yolu ilə 18 min kilometr və quru yolla 26 min kilometr məsafə qət edəcəkdir.