ƏTRİYYAT VƏ KOSMETİKA MALLARI BAZARINDA MONİTORİNQ KEÇİRİLMİŞDİR
Monitorinq nəticəsində aşkar edilmişdir ki, mağazalarda satılan malların üzərində istehsalçı kimi Fransa, İtaliya, İspaniya, İngiltərə, Danimarka, İsveçrə və digər Avropa ölkələrinin tanınmış şirkətləri göstərilsə də, onların mənşəyini təsdiq edən sənədlər yoxdur, qiymətlər və qablaşdırma orijinal nümunələrdən fərqlənir. Mağazalarda “Chanel”, “Giorge Armani”, “Dupont”, “Dolce & Gabbana”, “Chic”, “Boss”, “Loreal”, “Max Faktor”, “Nivea” və digər məşhur markaların saxta nümunələrinin satışı geniş yayılmışdır.
Bununla bərabər, satışda mənşəyi məlum olmayan külli miqdarda müxtəlif çeşidli keyfiyyətsiz mallar vardır. Bir sıra malların üzərində istehsal və son istifadə tarixləri göstərilmir, qiymət kağızları yoxdur.
Bazarda respublikanın ətriyyat və kosmetika malları istehsal edən müəssisələrinin payı azdır.
Subyektlər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq malların üzərindəki adları və onların istifadəsinə dair məlumatları Azərbaycan dilinə çevirməmişlər. Xarici şirkətlərin bu malların satışını həyata keçirən nümayəndəliklərində qiymət cədvəlləri rus dilində tərtib olunur.
Qanun pozuntusu hallarına yol vermiş təsərrüfat subyektlərinə qarşı müvafiq tənbeh tədbirləri görülmüş və cərimələr tətbiq edilmişdir.
Ətriyyat və kosmetika malları bazarında monitorinq davam edir.