Əvvəlki illərdə yanğına məruz qalan meşə sahələrinin bərpasına başlanılacaq
Bakı, 29 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız mövsümündə əvvəlki illərdə yanğına məruz qalan meşə sahələrinin bərpasına başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.
Onun sözlərinə görə, meşəbərpa işlərinin aparılması üçün Qəbələ, Oğuz, Şəki, Bərdə, Yardımlı, Şamaxı, İsmayıllı rayonlarının yanğına məruz qalan meşə sahələrində hazırlıq işləri görülür. Əvvəlcə torpağın üst qatı yumşaldılır, sonra müxtəlif meşəcinsli ağacların toxumları səpiləcək.
A.Qaraşov həmin rayonların sakinlərinə müraciət edərək bildirir ki, meşə sahələrinə mal-qaranı buraxmasınlar. Bununla həm yeni əkilmiş tinglərin qorunmasına, həm toxumların cücərməsinə, həm də təbiibərpa işlərinin getməsinə şərait yaranacaq.
“Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları nəticəsində minlərlə hektar meşə zolaqları yanaraq külə dönür. Azərbaycanda böyük sahələri əhatə edən meşə yanğınları olmayıb, kiçikhəcmli yanğınlar baş verib ki, bunun da qarşısı tez bir zamanda alınıb”, - deyə departamentin direktoru qeyd edib.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda meşə yanğınları əsasən havaların isti və quraq keçdiyi yay aylarında, yəni ot örtüyünün tam quruduğu zaman əsasən insanların ehtiyatsızlığı səbəbindən baş verib. Söndürülməmiş siqaret kötüyünün, kibritin meşə ərazisinə atılması, tonqalın söndürülməməsi, taxıl biçildikdən sonra kövşənlərin yandırılmaması meşə yanğınlarının başvermə səbəbləri arasındadır.
A.Qaraşov sonda əhaliyə çağırış edib: "Meşə sahələri ən qiymətli milli təbii sərvətimizdir. Ona görə onları həm yanğından, həm də mal-qara tapdağından qoruyaq ki, meşələrimiz özünü bərpa edə bilsin".