Əvvəllər məhkum olunmuş şəxsdə silah aşkarlanıb
Bakı, 2 fevral, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə polis bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum edilmiş və kriminal aləmdə “Dəli Tural” ləqəbi ilə tanınan 34 yaşlı Tural Atakişiyev şəhər ərazisində saxlanılaraq polis bölməsinə gətirilib. Onun üzərində axtarış aparılan zaman atəşə yararlı “Makarov” markalı tapança, həmin tapançaya aid sandıqçadan isə 9 millimetr kalibrli atəşə yararlı dörd patron aşkarlanaraq götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.